EN

Xəstəxanada xadimə işləyən şəxsi aldadan qardaşlar amnistiyaya düşdü

Şirvan Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Vəzirov, onun qardaşı Kamran Vəzirov və tanışı Akif Hacılının (hər üçünün adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib, Laçın Rayon Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli hökmü ləğv olunub. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.1-ci bəndinə əsasən təqsirləndirilən şəxslər hökmlə təqsirli bilindiyi cinayət məsuliyyətindən azad edilib və onların barələrində həmin başlanılan cinayət təqibinə xitam verilib.


İttihama görə, təqsirləndirilən Samir Vəzirov qabaqcadan əlbir olduğu bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq edib.


Məhkəmə materiallarına görə, Samir Vəzirov 16 noyabr 2024-cü il tarixdə Laçın rayon sakini olan zərərçəkmiş S.S. (adı, soyadı şərtidir) ilə “TikTok” sosial şəbəkəsi vasitəsilə tanış olub. Daha sonra tərəflər “WhatsApp” tətbiqi üzərindən yazışaraq ünsiyyət saxlayıblar. Yazışmalar zamanı zərərçəkmiş şəxs Laçın Rayon Mərkəzi Xəstəxanasında xadimə işlədiyini, lakin iş yerini dəyişərək Bakı şəhərində yerləşən tibb müəssisələrindən birində tibb bacısı kimi işləmək istədiyini bildirib. Bu məlumatdan istifadə edən Samir qardaş Kamran və tanış Akiflə qabaqcadan razılaşaraq cinayət əlaqəsinə girib. Onlar gələcəkdə məsuliyyətdən yayınmaq məqsədilə həqiqi adlarını gizlədərək özlərini müxtəlif adlarla təqdim ediblər və guya yüksək vəzifəli şəxslərlə geniş əlaqələrinin olduğunu, həmin əlaqələr vasitəsilə S.S.-in Bakı şəhərində yerləşən klinikalardan birinə işə qəbul edilə biləcəyini bildiriblər.


İstintaqla müəyyən edilib ki, zərərçəkmiş şəxsdə inam yaratdıqdan sonra Samir onun guya “MedAura” klinikasına tibb bacısı kimi işə qəbul olunmasının 7 000 manat qarşılığında həll ediləcəyini bildirib.


İnandırıcılığı artırmaq məqsədilə S.S. Bakı şəhərinə dəvət olunub və 28 dekabr 2024-cü il tarixdə Nəsimi rayonunda yerləşən kafelərdən birində görüş təşkil edilib. Görüş zamanı ayrı-ayrı restoranlarda ofisiant işləyən Akif klinikanın baş həkiminin müavini kimi təqdim edilib və işə qəbulun qısa müddətdə həll ediləcəyi bir daha vəd olunub.


Nəticədə zərərçəkmiş şəxs özü ilə gətirdiyi 7 000 manat pul vəsaitini Samirə və onun əlbir olduğu şəxslərə verib. Lakin həmin şəxslər zərərçəkmişin xeyrinə heç bir real hərəkət etməyərək pulu öz aralarında bölüşdürüb şəxsi ehtiyaclarına xərcləyiblər.


Bundan sonra Samir cinayətkar niyyətini davam etdirərək əlavə pul əldə etmək məqsədilə S.S.-ə guya Bakı şəhərində qeydiyyata düşməyin zəruri olduğuna inandırıb. Bu məqsədlə əvvəlcə 500 manat, daha sonra isə əlavə 200 manat pul vəsaiti müxtəlif vaxtlarda bank kartına köçürülüb. Ümumilikdə zərərçəkmiş şəxsə 700 manat əlavə maddi ziyan vurulub.


Beləliklə, Samir Vəzirov qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxsin ümumilikdə 7 700 manat pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq edib.


Laçın Rayon Məhkəməsinin hökmü ilə Samir Vəzirov 2 il 1 ay 26 gün, Kamran Vəzirov 2 il və Akif Hacılı isə 2 il 1 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilmişdi.

 

Kamal Məmmədov 

Tarix: 8 Yanvar 2026, 10:26   
Chosen
43
1
pravda.az

2Sources