EN

Tibbi tullantıların idarə olunmasına diqqət COVID-in tüğyan etdiyi dövrlərdə daha da qabardı

Tibbi

Bakı, 29 dekabr, AZƏRTAC

Tibbi tullantıların törətdiyi əsas təhlükə bioloji təhlükədir. Yəni tibbi tullantıların içində xəstə insanların bədənindən xaric olan mikroblar, viruslar həm tibb işçilərinə, həm tullantılarla məşğul olan əməkdaşlara, həm də sadə insanlara təsir edə bilər. Onlarda patogen mikrob olduğuna görə xəstəlik törədə bilər. Tibbi tullantıların içərisində az sayda olsa belə zərərli kimyəvi maddələr ola bilər. Laboratoriyada istifadə olunan reaktivlər, müddəti keçmiş dərmanlar, digər kimyəvi formula tərkibli maddələr ola bilər. Ona da kimsə toxunarsa, buxarları ilə nəfəs alınarsa, ziyan törədə bilər. Az rast gəlinən lakin istisna edilməyən tullantının təhlükəli komponenti radioaktiv maddələrdir. Bəzi xəstələrin müalicəsində diaqnostikasında radioizotoplardan istifadə olunur. Onlar da tullantı kimi xaric ediləndə təhlükə törədə bilər.

AZƏRTAC xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə tibbi tullantıların düzgün idarə olunmasına dair tibb işçiləri üçün maarifləndirici tədbirdə deyib.

"Tibbi tullantıların idarə olunmasına diqqət COVID-in tüğyan etdiyi dövrlərdə daha da qabardı. COVID-li xəstələrdən əmələ gələn materialları necə utilizasiya edək məsələsi ortaya çıxdı.

Tibbi tullantıların idarə edilməsi işlərini əsas iki nazirlik aparır. Bunlar Ekologiya və Təbii Sərvətlər və Səhiyyə nazirlikləridir. Bu səbəbdən iki nazirlik təşəbbüs göstərdi ki, birgə işçi qrup yaradaq. Hər iki nazirin əmri ilə bu ilin mayında işçi qrup yaradıldı. İşçi qrupun tərkibində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, TƏBİB-in, İqtisadiyyat Nazirliyinin, “Təmiz Şəhər” ASC-nin nümayəndələri yer alıb. Fəaliyyətimizə tibb müəssisələrində cari vəziyyətlə bağlı məlumatların toplanması məqsədilə monitorinqlərə başladıq. Bakı Sağlamlıq Mərkəzi monitorinqlərin keçirildiyi birinci tibb müəssisələrindən biri idi. Monitorinqlərin birinci mərhələsi bitib, ikinci mərhələsi gedir və digər tibb müəssisələrinə baxış keçirilir. Məlumatlar toplanılır, təhlil edilir, zəif yerlərimiz müəyyən olunur. Son nəticədə müəyyən təkliflər irəli sürüləcək. Bunların içində normativ hüquqi aktların təkmilləşdirilməsinə zərurət var. Digər vəzifəmiz maarifləndirmədir. Bir çox hallarda tibbi tullantıların çeşidlənməsi düzgün aparılmır. Tibbi tullantılar siniflərə bölünür, burada əsas məqsəd insanların az zərər görməsidir. Əgər tibbi tullantı təhlükəsizdirsə, ona daha sadə, təhlükəlidirsə, daha ciddi yanaşmaq lazımdır. Elə etmək lazımdır ki, tullantıların aparılmasının digər mərhələsində insanlar bundan ziyan görməsin. Düzgün çeşidlənməni ilk olaraq tibb işçiləri bilməlidir. Bir çox müəssisədə tibb işçiləri ya bu barədə məlumatlı deyillər, ya da yanlış məlumatlara malikdirlər. Odur ki, onların maarifləndirilməsi vacibdir", - deyə N.Zeynalov bildirib.

 

Chosen
343
20
azertag.az

10Sources