Geridə qoyduğumuz 2025-ci il bir sıra əfsanəvi futbolçuların, o cümlədən Dünya çempionatının qaliblərinin karyerasını başa vurması ilə yadda qalıb.
QOL.az FİFA-nın rəsmi saytına istinadən həmin ulduzları və onların unudulmaz uğurlarını təqdim edir:
Serxio Buskets (İspaniya, DÇ-2010)
15 il əvvəl Cənubi Afrikada keçirilən dünya çempionatında İspaniya millisinin əsas simalarından biri olan Buskets karyerasının son dövrünü Lionel Messi ilə birlikdə "İnter Mayami"də keçirdi. "Barselona"da 750-dən çox oyuna çıxan yarımmüdafiəçi 32 titul qazanıb. Dekabr ayında MLS Kubokunu qazandıqdan sonra futbolla vidalaşıb.
Pepe Reyna (İspaniya, DÇ-2010)
Dörd dünya çempionatında iştirak edən qapıçı Reyna 2010-cu ildə İspaniyanın ilk titulunu qazandığı komandada ehtiyat qapıçı olub. "Barselona", "Liverpul", "Napoli" və "Komo" kimi klublarda 900-dən çox oyun keçirən Reyna may ayında karyerasını bitirib. Hazırda o, sabiq klubu "Vilyarreal"ın U-19 komandasını çalışdırır.
Jerom Boatenq (Almaniya, DÇ-2014)
Almaniya millisinin müdafiəsinin dayaqlarından olan Boatenq 2014-cü il dünya çempionatında əvəzsiz rol oynayıb. Karyerasının 10 ilini "Bavariya"ya həsr edən müdafiəçi 9 dəfə Bundesliqa, 2 dəfə isə Çempionlar Liqası qalibi olub. Fransa, İtaliya və Avstriyada keçirdiyi macəralardan sonra sentyabrda karyerasını yekunlaşdırıb.
Mats Hummels (Almaniya, DÇ-2014)
Boatenqlə birlikdə müdafiənin mərkəzində çıxış edən Hummels Fransaya qarşı 1/4 final matçında vurduğu qələbə qoluyla yadda qalıb. Dortmund "Borussiya"sında 500-dən çox oyun keçirən müdafiəçi "Roma"dakı bir mövsümlük çıxışından sonra may ayında yaşıl meydanlardan uzaqlaşıb.
Kristof Kramer (Almaniya, DÇ-2014)
2014-cü il finalında zədələnərək erkən əvəzlənən Kramer rəsmi vida bəyanatı verməyib. Lakin podkastlardan birində karyerasını səssiz şəkildə bitirdiyini etiraf edib: "Karyeramı bitirdiyimi indi ucadan demirəm, çünki "Kramer karyerasını bitirdi" başlıqlı xəbərlərin çıxmasını utandırıcı hesab edirəm".
Stiv Mandanda (Fransa, DÇ-2018)
Konqo əsilli qapıçı Mandanda üç dünya çempionatında iştirak edib və 2018-ci ildə Fransa millisinin qızıl medal qazandığı heyətdə yer alıb. "Marsel" və "Renn"də 555 oyun keçirərək Liqa 1 tarixində yer alan Mandanda sentyabr ayında karyerasını yekunlaşdırıb.
Samuel Umtiti (Fransa, DÇ-2018)
2018-ci il dünya çempionatında Rafael Varanla möhtəşəm müdafiə tandemi quran Umtiti yarımfinalda Belçikaya vurduğu qələbə qoluyla tarix yazmışdı. Lakin davamlı zədələr səbəbindən o, 31 yaşında sentyabr ayında futbolla vidalaşmaq məcburiyyətində qalıb.