Bakı, 30 dekabr, AZƏRTAC
2025-ci il ərzində “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanlarının IELTS imtahanına təşviq edilməsi” layihəsi çərçivəsində imtahanda 6.5 və daha artıq bal toplamış 634 iştirakçının xərcləri Təhsilin İnkişafı Fondu tərəfindən qarşılanıb. Layihədə uğur qazanan və 15 ali təhsil müəssisəsini təmsil edən 634 iştirakçıdan 139-u BDU-nun müəllim və tələbəsidir.
Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib. Qeyd olunub ki, layihə 2022-ci ildən etibarən icra olunur. İndiyədək müqavilə şərtlərinə cavab verən 1280 nəfərin bu imtahan üzrə ödənişləri Fond tərəfindən geri qaytarılıb. Onlardan 377 nəfəri BDU-nun tələbəsi və elmi-pedaqoji heyət üzvü olub. Layihənin məqsədi ali təhsil ocaqlarının müəllim və tələbələrinin ingilis dilini mənimsəməsi üçün əlverişli şəraitin yaradılmasıdır.