EN

Medvedev: Bundan sonra Zelenski ömrünün sonunadək gizlənməli olacaq...

Rusiya rəsmiləri iddia edilən pilotsuz uçuş aparatı hücumundan sonra Kiyevə qarşı sərt bəyanatlar səsləndirir...

Poliqon xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ukrayna prezidenti Volodimir Zelenskiyə qarşı son dərəcə sərt və təhqiramiz açıqlama ilə çıxış edib. 

Merdvedyev X sosial şəbəkəsindəki paylaşımında iddia edib ki, Rusiya prezidenti Vladimir Putinin iqamətgahına pilotsuz uçuş aparatları ilə hücumdan sonra Zelenski ömrünün sonunadək gizlənməyə məcbur qalacaq.

Medvedev Zelenskini açıq şəkildə təhqir edərək onun müharibə istədiyini və münaqişənin nizamlanmasını pozmağa çalışdığını iddia edib. Rusiya rəsmisinin sözlərinə görə, bu səbəbdən Ukrayna prezidentinə ən azı “dəyərsiz ömrünün” sonuna qədər gizlənməkdən başqa yol qalmayacaq.

Bundan əvvəl, dekabrın 29-da Dövlət Dumasının müdafiə komitəsi sədrinin birinci müavini Aleksey Juravlyov da sərt bəyanatla çıxış edib. O bildirib ki, Kiyevin guya Rusiya prezidentinin iqamətgahına hücum cəhdindən sonra Zelenskiyə qarşı “zərbə endirilməlidir”, çünki o, sülh nizamlanması ilə bağlı razılaşmaları pozmağa çalışır.

Daha öncə Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama verərək bildirib ki, dekabrın 29-na keçən gecə Ukrayna Silahlı Qüvvələri Novqorod vilayətində yerləşən Putinin iqamətgahını hədəfə almağa cəhd edib. Onun sözlərinə görə, bu məqsədlə uzaqmənzilli 91 pilotsuz uçuş aparatı istifadə olunub və onların hamısı Rusiya hava hücumundan müdafiə vasitələri tərəfindən məhv edilib.

Qeyd edək ki, Ukrayna tərəfi bu iddiaları dəfələrlə təkzib edib, Kiyev rəsmiləri Moskvanın bu cür açıqlamalarla sülh prosesini pozmaq və növbəti eskalasiyaya zəmin yaratmaq istədiyini bildirirlər.

Poliqon.info

Chosen
48
50
poliqon.info

10Sources