EN

Rus generalları Putinə Ukraynada uydurma “qələbələr” barədə məlumat veriblər

Müstəqil analitiklər Kremlin hərbi hesabatlarının reallıqla uzlaşmadığını ortaya qoyur...

Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Tramp ilə gözlənilən telefon danışığı ərəfəsində keçirilən tədbirlərdən biri də dövlət başçısının hərbi rəhbərliklə görüşü olub. Bu cür görüşlər artıq ənənəyə çevrilib: Putin daha əvvəl Trampın Volodimir Zelenski ilə Mar-a-Laqodakı görüşündən öncə və dekabrın əvvəlində Stiv Uitkoffun Moskvaya səfəri ərəfəsində də hərbçilərlə görüş keçirmişdi. Sonuncu görüşün əsas məqsədi Ağ Evin rəhbərinə Rusiya Silahlı Qüvvələrinin cəbhə xətti boyunca guya sürətli irəliləyişini nümayiş etdirmək idi. “Agentstvo” nəşri rus hərbçilərinin səsləndirdiyi bəyanatları təhlil edərək onların böyük hissəsinin reallıqdan uzaq olduğunu göstərib.

Baş Qərargah rəisi Valeri Gerasimov Putinə bildirib ki, dekabr ayında Rusiya ordusu 700 kvadrat kilometrdən çox ərazini ələ keçirib və bu, guya ilin ən yüksək aylıq göstəricisidir. Onun sözlərinə görə, ümumilikdə Rusiya 6,64 min kvadrat kilometr əraziyə nəzarəti təmin edib. Bu hesabatlardan sonra Putin “Donbasın, Zaporojye və Xerson vilayətlərinin azad edilməsinin” mərhələli şəkildə, “xüsusi hərbi əməliyyatın planına uyğun” aparıldığını bəyan edib.

Lakin müstəqil mənbələr bu iddiaları təsdiqləmir. Ukraynanın OSINT layihəsi olan DeepState-in məlumatına görə, dekabrda Rusiya ordusu təxminən 380 kvadrat kilometr ərazi ələ keçirib ki, bu da rəsmi açıqlamadan təxminən iki dəfə azdır. Üstəlik, noyabr, avqust, iyul, iyun və may aylarında rus qoşunlarının irəliləyişi daha geniş olub. Gerasimovun illik göstəriciləri də azı min kvadrat kilometr şişirtdiyi bildirilir: DeepState 2025-ci il ərzində Rusiyanın təxminən 4,3 min kvadrat kilometr əraziyə nəzarət etdiyini qeyd edir. ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutu (ISW) isə dekabrın 9-da ilin əvvəlindən bəri 4,67 min kvadrat kilometrin ələ keçirildiyini açıqlamışdı.

Sərhədyanı bölgələrlə bağlı “Şimal” qruplaşmasının rəhbəri Yevgeni Nikiforov Putinə Sumi və Xarkov vilayətləri istiqamətində 940 kvadrat kilometrdən çox ərazinin nəzarətə götürüldüyünü bildirib. Ancaq DeepState-in xəritələrinə əsasən, Rusiya Silahlı Qüvvələrinin faktiki nəzarət etdiyi ərazi təxminən 550 kvadrat kilometrdir. ISW də oxşar göstəricilər təqdim edir.

Kupyanskla bağlı hesabatlarda da ziddiyyətlər var. “Qərb” qruplaşmasının komandanı Sergey Kuzovlyov şəhəri xüsusi qeyd etməsə də, Putinin xatırlatmasından sonra Ukrayna qüvvələrinin guya Kupyanskın şərq hissəsində mühasirəyə alındığını iddia edib və yanvar–fevral aylarında bu qruplaşmanın tam bloklanacağını deyib. Lakin müstəqil mənbələr Kupyanskda Ukrayna qoşunlarının mühasirəyə alınmasını təsdiqləmir. Əksinə, nə ISW, nə də DeepState Rusiya nəzarətini təsdiqləyib; hətta rusiyapərəst “z-blogerlər” də ötən həftə şəhərin itirildiyini etiraf ediblər. Analitik xəritələrə görə, hazırda Kupyanskın böyük hissəsi Ukrayna qüvvələrinin nəzarətindədir, yalnız şəhərin şimalında və mərkəzin bir hissəsində “boz zona” mövcuddur. ISW bildirir ki, Rusiya qüvvələrinin şərq Kupyansk və ətraf yaşayış məntəqələrinə hücum cəhdləri nəticəsiz qalır.

Konstantinovka istiqamətində “Cənub” qruplaşmasının komandanı Sergey Medvedev şəhərin 45 faizinin guya Rusiya nəzarətində olduğunu söyləyib. Lakin OSINT analitiklərindən yalnız ISW şəhərin kiçik bir hissəsində rus mövcudluğunu təsdiqləyir. DeepState-in məlumatına görə isə Konstantinovkanın şimal-şərq hissəsi “boz zona” kimi qiymətləndirilir.

Zaporojye istiqamətində “Dnepr” qruplaşmasının komandanı Mixail Teplinski Putinə qoşunların şəhərə doğru ciddi irəliləyiş əldə etdiyini, Lukyanovsk və Stepnoqorsk yaşayış məntəqələrinin, eləcə də Primorskinin ələ keçirilməsinin başa çatmaq üzrə olduğunu iddia edib. Onun sözlərinə görə, ön dəstələr Zaporojyenin cənub kənarından təxminən 15 kilometr məsafədədir. Reallıqda isə DeepState bildirir ki, son iki gündə Rusiya ordusu “boz zonanı” təxminən 5 kilometr dərinləşdirərək Primorskoye kəndinə qədər genişləndirib. Bununla belə, nə Stepnoqorsk, nə də Lukyanovskun tam ələ keçirilməsi təsdiqlənir. ISW-yə görə, rus qoşunları bu yaşayış məntəqələrinin yalnız kiçik hissələrinə nəzarət edə bilib.

Beləliklə, müstəqil analitiklərin qənaətinə görə, Putinə təqdim olunan hərbi hesabatların əhəmiyyətli hissəsi şişirdilmiş və ya reallıqla uyğun olmayan məlumatlardan ibarətdir ki, bu da Kremlin daxili və xarici auditoriyaya yönəlik informasiya siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir.

Mənbə: “Aqentstvo” portalı

Tərcümə Poliqon-a aiddir.

Poliqon.info

Chosen
64
27
poliqon.info

10Sources