2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana insanlar üçün vaksinlərin idxalı 3.52 ton təşkil edib. İdxalın ümumi dəyəri 1 milyon 796.67 min dollar olub.
Paralel.az xəbər verir ki bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə kəskin azalma deməkdir.
Belə ki, ötən ilin yanvar-oktyabr aylarında ölkəyə 11.61 ton vaksin idxal edilib və idxalın dəyəri 11 milyon 972.32 min dollar təşkil edib.
Beləliklə, vaksin idxalı həcm baxımından təxminən 3.3 dəfə, dəyər ifadəsində isə 6.7 dəfə azalıb.
2025-ci ildə idxal olunan vaksinlərin əsas hissəsi Hindistanın payına düşüb. Bu ölkədən 2.01 ton vaksin gətirilib və idxalın dəyəri 1 milyon 80.54 min dollar olub. Digər əsas idxal mənbələri sırasında Fransa (1.04 ton - 519.7 min dollar), Çin (0.25 ton - 36 min dollar), İtaliya (0.06 ton - 24.53 min dollar), Böyük Britaniya (0.06 ton - 24.53 min dollar) və Rusiya (0.05 ton - 73.93 min dollar) yer alıb. Almaniyadan vaksin idxalı dəyər ifadəsində 14.53 min dollar göstərilib.
2024-cü ildə isə vaksin idxalında Fransa əsas pay sahibi olub. Həmin dövrdə bu ölkədən 3.98 ton vaksin idxal edilib və dəyəri 8 milyon 296.82 min dollar təşkil edib. Hindistan (5.32 ton - 2 milyon 306.57 min dollar), Belçika (1.84 ton - 844.84 min dollar), Bolqarıstan (0.15 ton - 45.64 min dollar) və Niderland (0.03 ton - 378.05 min dollar) da əsas tədarükçülər sırasında yer alıb. (Oxu.az)