EN

2 əsrlik Bakı sirki yenidən səhnəyə qayıdıb

İki illik fasilədən sonra Bakı Dövlət Sirki yenidən genişmiqyaslı və ­rəngarəng şou proqramı ilə tamaşaçıların görüşünə gəlib. İki əsrdən artıq tarixi olan sirk sənətinin bugünkü inkişaf mərhələsini, zəngin repertuarını, beynəlxalq əməkdaşlıqları daha yaxından öyrənmək məqsədilə Bakı Dövlət Sirkinin direktor müavini Nahid ­Ağayevlə həmsöhbət olduq.

– Nahid bəy, Bakı Dövlət Sirkinin bugünkü inkişaf mərhələsini necə xarakterizə edirsiniz?

– Bakı Dövlət Sirkinin inkişaf konsepsiyası ənənələrin qorunması və müasir tamaşaçı auditoriyasının tələblərinə uyğun yeni proqramların hazırlanması prinsipi üzərində qurulub. Əsas məqsəd klassik sirk elementlərini saxlamaqla məzmun baxımından zəngin tamaşalar təqdim etməkdir. Bu gün Bakı Dövlət Sirkində müxtəlif tematik proqramlar, milli bayramlara və mövsümi tədbirlərə uyğun xüsusi ssenarilər hazırlanır. Yeni ilə həsr olunmuş “Yeni il karvanı” proqramı da bu yanaşmanın ən xarakterik nümunələrindəndir.

İnkişaf konsepsiyası innovativ yanaşmaları da əhatə edir. Xarici ölkələrin peşəkar truppaları ilə əməkdaşlıq edilir, müasir sirk texnologiyalarından istifadə olunur, sosialyönümlü layihələr həyata keçirilir. Eyni zamanda, sosial media üzərindən kommunikasiya gücləndirilir, proqramlar və tədbirlər barədə operativ məlumatlandırma təmin olunur. Bakı Dövlət Sirki klassik dəyərlərə sadiq qalmaqla müasir mədəni tələblərə cavab verən, bütün yaş qruplarına ünvanlanan sirk tamaşaları ilə fəaliyyətini davam etdirir.

– Müasir mədəni mühitdə sirkin peşəkar əyləncə kimi mövqeyini necə qorumaq olar? 

– Yaradıcı transformasiyaya açıq və zamanın tələblərinə uyğun çevik yanaşma zəruridir. Tamaşaçı auditoriyasının estetik gözləntiləri dəyişib, müasir tamaşaçı vizual zənginlik, texnoloji effektlər və dinamik təqdimatlara üstünlük verir. 

Kino, rəqəmsal platformalar və digər vizual kontent formaları fonunda sirk yalnız yeni ideyalar və müasir təqdimat formatları hesabına öz mövqeyini gücləndirə bilər. Dayanıqlı inkişaf üçün peşəkar kadr potensialının formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Rejissor, səhnə texniki, işıqlandırma üzrə mütəxəssis, proqram prodüseri, marketinq və PR mütəxəssislərindən ibarət peşəkar baza yaradılmalı, kadr hazırlığı məqsədyönlü şəkildə aparılmalıdır.

Müasir texnologiyalardan istifadə də əsas prioritetlərdəndir. İşıqlandırma sistemləri, multimedia effektləri və interaktiv səhnə həlləri tamaşaçı ilə emosional əlaqənin gücləndirilməsi və rəqabətədavamlı kontentin formalaşdırılması üçün vacibdir.

Beynəlxalq əməkdaşlıq isə sirk sənətinin inkişafına əlavə impuls verir. Xarici truppaların dəvəti, beynəlxalq festivallarda iştirak və təcrübə mübadiləsi yeni trendlərin mənimsənilməsi və yaradıcı imkanların genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

– Bakı Dövlət Sirki öz tamaşaçı auditoriyasını dəyişən zövqlərə necə uyğunlaşdırır?

– Bu zəruri uyğunlaşma üçün çevik və çoxşaxəli proqramlaşdırma modeli tətbiq edirik. Artıq müasir auditoriya üçün klassik sirk nömrələrinin nümayişi kifayət etmir. Vizual təqdimatın, səhnə həllərinin və teatral elementlərin rolu məqsədyönlü şəkildə artırılıb, proqramlar hekayə xətti üzərində qurulan dramaturji struktura keçirilib. 

Teatrallaşdırılmış tematik proqramlar - Yeni il, Novruz və digər mövsümi və milli bayramlara həsr olunmuş hekayə əsaslı tamaşalar müasir tamaşaçı üçün xüsusi maraq doğurur. 

Yüksək zövqlü proqramlarda iriölçülü LED ekran dekorasiyaları, multimedia effektləri və dinamik səhnə quruluşları tətbiq olunur. Səhnə dizaynı artıq yalnız dekorativ funksiya daşımır, hekayənin məntiqi axarını tamamlayan əsas bədii vasitəyə çevrilir. Müasir tamaşaçı qlobal informasiya mühitində yaşayır və dünya üzrə təqdim olunan kontentə dərhal çıxış imkanına malikdir. Bu auditoriyanın diqqətini cəlb etmək üçün sirk tamaşaları həm məzmun, həm də texnoloji baxımdan yüksək səviyyədə hazırlanmalıdır. Bakı Dövlət Sirki proqramlarını bu reallığa uyğun şəkildə mütəmadi yeniləyir, müasir trendləri izləyir və dəyişən estetik gözləntilərə cavab verən kontent istehsalını prioritet kimi müəyyənləşdirir.

– Repertuar necə formalaşdırılır, seçim zamanı hansı meyarlar əsas götürülür?

– Sirkin repertuar siyasəti strateji planlaşdırma prinsipi üzərində qurulur və uzunmüddətli proqramlaşdırma tələb edir. Sirk fəaliyyətinin qastrol mexanizmi ilə sıx bağlı olması repertuarın ən azı bir il əvvəl planlaşdırılmasını zəruri edir. Bu çərçivədə mövsümlər və tematik mövzular üzrə proqramların tərkibi müəyyənləşdirilir, dəvət olunacaq artistlərlə danışıqlar aparılır və müqavilələr bağlanır. Repertuarın formalaşdırılması peşəkar yaradıcı heyət tərəfindən vahid plan əsasında həyata keçirilir.

Proqramların seçimində mədəni və estetik meyarlar əsas götürülür. İl ərzində təqdim olunan proqramların böyük hissəsi mövsümi və bayram tematikasına uyğun hazırlanır ki, bu da tamaşaçı marağını təmin edir və milli dəyərlərin təqdimatına xidmət göstərir. Repertuar seçimində əsas meyarlarından biri tamaşaçı auditoriyasının maraqlarının nəzərə alınmasıdır. Uşaqlar üçün interaktiv, nağıl elementləri ilə zəngin nömrələrin yer aldığı proqramlar, gənclər üçün isə dinamik attraksionlar, hava nömrələri və janqlor çıxışları üstünlük təşkil edir. Bu yanaşma müxtəlif yaş qrupları üçün cəlbedici və balanslaşdırılmış repertuar formalaşdırmağa imkan verir.

– Ən çətin və ən yaddaqalan tamaşanız hansıdır?

– Bakı sirkinin tarixində ən mürəkkəb, eyni zamanda, ən yaddaqalan layihələrdən biri 2022-ci ilin payızında həyata keçirilmiş proqramla bağlıdır. Həmin dövrdə Belarusdan dəvət olunmuş “Fil və dostları” adlı proqramın təqdimatına hazırlıq işləri gedirdi. Reklam kampaniyası başlamış, müqavilələr imzalanmış, artistlərin gəlişi və rekvizitlərin çatdırılması yekunlaşmaq üzrə idi. Tamaşaya təxminən iki həftə qalmış proqramın əsas vurucu elementi olan fillərlə çıxış etməli olan italyan artistlərin ölkəyə gələ bilməyəcəyi məlum oldu. Yaranmış vəziyyətlə bağlı yaradıcı komanda operativ qərar qəbul edərək proqramın final hissəsi üçün yeni attraksion hazırladı. Qısa müddət ərzində Qarabağ motivləri əsasında dramaturji hekayətli səhnə kompozisiyası quruldu, Qarabağ atlarının obrazları yaradıldı, rəqs ansamblının iştirakı ilə səhnələşdirilmiş nömrə formalaşdırıldı. 

Musiqi tərtibatında “Sarı gəlin” mahnısından istifadə olundu və intensiv məşqlər nəticəsində yeni nömrə təqdim olundu. Nəzərdə tutulan final nömrəsinin yerinə Qarabağ tematikalı səhnə kompozisiyası quruldu. Bu tamaşa Bakı Dövlət Sirki üçün yaradıcı çevikliyin, peşəkar təşkilatçılığın və kollektiv məsuliyyətin praktik nümunəsi kimi qiymətləndirilir və sirkin fəaliyyət tarixində mühüm mərhələlərdən biri hesab olunur.

– Yaradıcı proses hansı mərhələlərdən keçir?

– Sirk tamaşasının hazırlanması planlı və mərhələli yaradıcı prosesdir. Bu proses əvvəlcədən müəyyənləşdirilmiş konseptual çərçivə əsasında qurulur və ideyadan səhnə təqdimatına qədər ardıcıl mərhələlər üzrə həyata keçirilir. İlkin mərhələdə tamaşanın ideyası və konsepti müəyyənləşdirilir. Konsept tamaşanın məzmununu, estetik xəttini və mesajını formalaşdırır. Mövsümi, milli bayramlara və sosial mövzulara yönəlmiş proqramların tematikası da bu mərhələdə təsdiqlənir. Konsept təsdiqləndikdən sonra ssenari hazırlanır və dramaturji struktur qurulur. Ssenari çərçivəsində obrazlar, səhnə ardıcıllığı, musiqi xətti, dekorasiya həlləri və rəng palitrası müəyyənləşdirilir.

Növbəti mərhələdə repertuar və artist heyəti planlaşdırılır, hər bir nömrənin səhnə ardıcıllığı və ümumi kompozisiya daxilində yeri dəqiqləşdirilir. Hekayə xətti, musiqi tərtibatı, işıqlandırma və rollar vahid dramaturji sistemdə birləşdirilir. Paralel olaraq dekorasiya, kostyum, işıqlandırma və səhnə texnikası üzrə hazırlıq işləri aparılır.

Tamaşalarımızda əsasən orkestrin müşayiəti ilə canlı musiqidən istifadə olunur, bəzi nömrələrdə isə artistlərin repertuarına uyğun fon musiqisi səsləndirilir. Bütün yaradıcı və texniki komponentlər hazır olduqdan sonra məşq mərhələsi başlanır, texniki yoxlamalar və səhnə keçidləri üzrə dəqiqləşdirmələr aparılır. Premyeradan əvvəl baş məşqlər keçirilir və bütün komponentlərin tam hazır olduğu təsdiqləndikdən sonra tamaşa təqdim olunur. Proses rejissor, ssenarist, artistlər, dizaynerlər və texniki heyətin vahid komanda kimi fəaliyyət göstərməsi əsasında həyata keçirilir. 

– Beynəlxalq sirk məktəbləri və kollektivləri ilə əməkdaşlıq əlaqələri barədə nə deyə bilərsiniz?

– Bakı sirki fəaliyyətə başladığı gündən müxtəlif ölkələrin tanınmış kollektivləri ilə tərəfdaşlıq əlaqələri qurulub. Müxtəlif dövrlərdə Azərbaycan sirk kollektivləri də keçmiş SSRİ məkanı, Şərqi Avropa və Afrika ölkələrində qastrol səfərlərində iştirak edərək milli sirk sənətini beynəlxalq auditoriyalara təqdim edib. Hazırda Bakı Dövlət Sirkinin Moskva Nikulin Sirki, Budapeşt Sirki və Kazan Sirki ilə sıx əlaqələr var. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən regional sirk rəhbərlərinin görüşləri çərçivəsində proqram mübadiləsi, tələbə mübadiləsi və birgə layihələrin inkişaf istiqamətləri üzrə konkret əməkdaşlıq mexanizmləri müəyyənləşdirilib. 

Beynəlxalq layihələr dövlət tərəfindən dəstəklənir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində sirk sənətinin inkişafı üçün əlverişli institusional mühit formalaşdırılıb. Beynəlxalq əməkdaşlıq Bakı Dövlət Sirkinin proqram portfelinin zənginləşməsinə, janr müxtəlifliyinin artmasına və regional-mədəni məkanda mövqeyinin möhkəmlənməsinə xidmət edir. 

Qeyd edək ki, ötən il Bakı Dövlət Sirkinin rəhbərliyi Moskvada keçirilən III Beynəlxalq Artist Festivalına fəxri qonaq qismində dəvət aldı. Mən də həmin layihədə iştirak etdim və müxtəlif ölkələrdən gəlmiş sənətçilərin təqdim etdiyi maraqlı, müasir və yaradıcı sirk nümunələrinin şahidi oldum. Bu festival beynəlxalq sirk mühitini yaxından tanımaq baxımından olduqca dəyərli təcrübə idi. Daha sonra sentyabr ayında Minsk şəhərində keçirilən III Beynəlxalq Sirk Sənəti Festivalında yüksək peşəkarlıqla hazırlanmış proqramları izlədim və münsif kimi prosesin birbaşa iştirakçısı oldum. Həmin festivalda gördüyümüz bir sıra maraqlı nümunələri artıq növbəti il üçün payız proqramına dəvət etmişik. 

– Xarici təcrübə necə mənimsənilir?

– İri şəhərlərdə sirk tamaşalarına maraq göstərən potensial auditoriya şəhər əhalisinin orta hesabla təxminən 5 faizini təşkil edir. Bu baxımdan Bakıda hər bir proqram üzrə 150–200 min nəfərlik tamaşaçı auditoriyasının formalaşması real potensial kimi qiymətləndirilir. Hazırda Bakı Dövlət Sirkinin tamaşalarını il ərzində təxminən 200 min tamaşaçı izləyir. Bu göstərici əsasən 3 böyük proqram əsasında formalaşır və bu rəqəmin mərhələli şəkildə artırılması hədəf kimi müəyyənləşdirib. 

Qiymət siyasətində ailəvi auditoriya üçün əlçatanlılıq əsas prinsip kimi qorunur. Bakı Dövlət Sirki beynəlxalq sirk proqramlarını ölkəyə gətirməklə tamaşaçılara dünya səviyyəli nümunələrin təqdimatını təmin edir.

Azərbaycan sirk məktəbinin yetirmələri bu gün ABŞ, Avropa ölkələri və Rusiyada keçirilən beynəlxalq festivalların laureatları kimi fəaliyyət göstərir. Bakı Dövlət Sirki həmin sənətkarları öz proqramlarına dəvət edərək milli sirk məktəbinin potensialını nümayiş etdirir və tamaşaçılara dünya səviyyəli çıxışları canlı izləmək imkanı yaradır.

Qeyd etmək istərdim ki, ötən il fəaliyyətimizi daha yaxından tanıtmaq üçün “Sirk” jurnalı dərc edilib. Jurnalda Azərbycan sirk aləmində baş verənləri, sirk tariximizi, ənənələrimizi və bu sahəyə aid bütün istiqamətlərdəki yenilikləri əhatə edən məqalə, müsahibə, reportaj, təhlil və araşdırma materiallarına yer verilib.

– Dünya sirk sənətində heyvanlarla çıxış məsələsinə münasibət dəyişir. Siz bu məsələyə necə yanaşırsınız?

– Biz beynəlxalq tendensiyalara uyğun olaraq vəhşi heyvanlardan istifadə etmirik. Proqramlarda əsasən əhliləşdirilmiş ev heyvanlarına – itlərə, pişiklərə və quşlara üstünlük veririk. Bu seçim heyvanlara mərhəmət, tamaşaçı təhlükəsizliyi və uşaqların psixoloji inkişafı baxımından əsaslandırılmış yanaşma kimi tətbiq olunur. Heyvanların saxlanma, qidalanma və tibbi nəzarəti beynəlxalq standartlara uyğun təmin edilir. Eyni zamanda, heyvansız, süjet xətti üzərində qurulan müasir sirk formatları proqram portfelinə daxil edilir. “Sirk dyu Soley” (Cirque du Soleil) modeli bu istiqamətdə tətbiq edilən qabaqcıl təcrübələr sırasında izlənilir və uyğunlaşdırılır.

– Yaxın vaxtlarda hansı yeniliklər gözlənilir?

– Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq genişləndirilib. Bayraq Meydanı yaxınlığında Macarıstandan gətirilmiş yüngül konstruksiyalı sirk (şapito) quraşdırılıb və tamaşalarımız bu məkanda nümayiş etdirilir. Bu ilin oktyabr ayından etibarən “Böyük Sirkin Ulduzları” proqramı və mövsümi Yeni il tamaşaları təqdim olunur.

Bakı Dövlət Sirkinin inkişaf strategiyasında dövlətin davamlı dəstəyi xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində sirk sənətinin inkişafı üçün əlverişli mühit formalaşdırılıb. Bakı Dövlət Sirkinin kollektivi bu dəstəyi yüksək qiymətləndirir və göstərilən etimada görə ölkə rəhbərliyinə minnətdarlığını bildirir.

Müsahibəni hazırladı:
Ləman TƏHMƏZ
XQ

 

Chosen
3
xalqqazeti.az

1Sources