EN

Britaniyada yəhudi icmasına qarşı sui-qəsd hazırlayan iki nəfər TƏQSİRLİ BİLİNDİ – FOTO

Britaniyada yəhudi icmasına qarşı sui-qəsd hazırlayan iki nəfər təqsirli bilinib.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. İŞİD-dən ilhamlanan terrorçular “Bataklan” ssenarisini təkrarlamaq və yüzlərlə insanı öldürmək istəyiblər.

Məlumata görə, Britaniyada iki kişi – 38 yaşlı Valid Səədavi və 52 yaşlı Amar Hüseyn yüzlərlə yəhudini qətlə yetirmək məqsədilə sui-qəsd hazırlamaqda təqsirli biliniblər.

İstintaqın məlumatına görə, hücum İŞİD terror təşkilatından ilhamlanaraq planlaşdırılıb və avtomat silahlardan istifadə nəzərdə tutulub.

Prokurorluq bəyan edib ki, Səədavi silah və sursatların qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsini təşkil edib. O, 2015-ci ildə Parisdəki “Bataklan” konsert zalına edilən hücumdan ilhamlanaraq genişmiqyaslı terror aktı törətməyi planlaşdırıb. Sui-qəsdin qarşısı gizli fəaliyyət göstərən agentin işi sayəsində alınıb.

Britaniya hakimiyyəti qeyd edir ki, bu hadisə İŞİD və onunla əlaqəli ekstremist qruplaşmaların artan təhlükəsini əks etdirir. Onlar internet vasitəsilə potensial terrorçuları radikallaşdırmağa davam edirlər.

Britaniyanın Təhlükəsizlik və Əks-kəşfiyyat Xidməti (MI5) bildirib ki, 2020-ci ildən bəri xidmət və polis tərəfindən 19 ciddi terror planının qarşısı alınıb və hazırda yüzlərlə digər təhlükəyə qarşı fəal mübarizə aparılır.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
54
interpress.az

1Sources