ain.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Rusiya-Ukrayna savaşı qonşu ölkələrə də müəyyən təhdidlər yaradır. Xüsusilə də son dönəmlər biz sentyabr-oktyabr aylarında Rusiya PUA-larının Avropanın müxtəlif ölkələrində, həm Baltikyanı ölkələrdə, həm Polşada, Rumıniyada, Almaniyada, Danimarka səmalarında olduğunu gördük. Bunun Rusiya tərəfindən bu ölkələrə həm də müəyyən mesaj xarakteri daşıması ilə bağlı düşüncələr var. Dekabr ayında isə biz Türkiyə dəniz sularında Rusiyaya məxsus iki kölgə donanma gəmisinin vurulduğunun şahidi olduq. Bundan başqa Rusiyaya məxsus olduğu ehtimal olunan PUA-ların Türkiyə ərazisində vurulmasını gördük. Əlbəttə ki, Rusiya bunu çox müxtəlif formalarda izah etməyə çalışsa da, bir formada müəyyən qədər diqqəti yayındırmaq və eyni zamanda, düşünürəm ki, bu hərəkətlər Ukraynaya dəstək verən ölkələrə müəyyən mesaj xarakteri də daşıya bilər”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Oqtay Qasımov söyləyib.
Politoloq bu addımları təsadüfi hesab etmir: “Türkiyə digərlərindən fərqli olaraq dərhal operativ şəkildə həmin PUA-ları zərərsizləşdirdi və özünün hava hücumundan müdafiə sistemlərinin effektivliyini də nümayiş etdirdi. Əlbəttə ki, Rusiya tərəfindən maraq ondan ibarətdir ki, bu savaş daha fərqli coğrafiyaları əhatə etsin. Bu, həm də Rusiya tərəfindən qonşu dövlətlərə bir mesaj xarakteri də daşıya bilər. Yəni keçmiş Rusiya imperiyasının ənənələrinə sadiq olaraq Rusiya qonşu dövlətlərə təzyiq alətlərini əlində saxlamaq üçün məhz bu cür təxribatçı addımlara gedir”.
O.Qasımov Türkiyənin bu proseslərə qoşulub-qoşulmaması ilə bağlı bildirib ki, Türkiyənin bu proseslərə qoşulmaq niyyəti yoxdur: “Türkiyə Rusiya-Ukrayna savaşında aktiv vasitəçilik mövqeyi ilə seçilən bir ölkədir və tərəflərlə normal münasibətləri olan çox azsaylı ölkələrdən biridir. Türkiyə bu iki tərəf arasında sülhün əldə olunması üçün yetəri qədər addımlar atıb. Türkiyəni bu prosesə cəlb etmək, əslində, cəlb edən tərəfə heç də fayda gətirəcəyini düşünmürəm. Həmçinin düşünmürəm ki, bu cür addımlar Rusiya tərəfindən gələcəkdə genişmiqyaslı toqquşmalar üçün planlaşdırılan bir addımdır. Sadəcə olaraq bunlar müəyyən mesaj xarakteri daşıya bilər, amma qarşıdakı dönəmdə Türkiyənin bu prosesdə olacağı real deyil”.
Röya İsrafilova
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.