EN

Makrondan gözlənilməz ADDIM – Fransa da Ukraynanı yarı yolda buraxır? – ÖZƏL AÇIQLAMA

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Avropa ölkələri üçün Putinlə dialoqu bərpa etmək faydalı olacaq. "Frans Press Agentliyi"nin yaydığı məlumatda isə deyilir ki, Makron administrasiyası yaxın günlərdə Rusiya ilə dialoqun bərpası formatını müəyyən etməyi planlaşdırır.

Bəs Ukraynaya “dəstək” fonunda Fransanın Rusiya ilə dialoqu bərpa etməsi necə mümkündür?

Bu, Avropanın Ukrayna ilə bağlı siyasətini dəyişdiyinə işarədir?

Mövzu ilə bağlı Fransanın Avropada Prospektiv və Təhlükəsizlik İnstitutunun prezidenti, təhlükəsizlik və beynəlxalq münasibətlər üzrə mütəxəssis Emmanüel Dupuy Bizim.Media-ya açıqlama verib.

Dupuy hesab edir ki, dialoq bərpa edilməlidir, lakin bu, həm də Rusiyadan asılıdır:

“Emmanuel Makron Rusiya ilə dialoqun bərpası barədə danışarkən, əslində bunun yalnız iki şərtlə - əgər Rusiya dialoqa açıq olsa və səmimi sülh danışıqlarında iştirak etməyə hazır olarsa – baş verəcəyini bildirib. Fransa Prezidenti bunu, bir variant kimi nəzərdə tuturdu. Lakin bu iki şərt nə yerinə yetirilib, nə də yaxın vaxtlarda belə bir irəliləyiş gözlənilir. Bu səbəbdən Moskva ilə yenidən əlaqə qurmaq real deyil və sadəcə “arzulara əsaslanan düşüncə” kimi qiymətləndirilə bilər”.

Dupuy əlavə edib ki, Parisin Moskva ilə yenidən danışıq aparmaq istəyi vahid Avropa mövqeyinə əsaslanmır:

“Bundan əlavə, Paris də digər Avropa paytaxtlarından fərqli olaraq, uzunmüddətli perspektivdə yeni bir Avropa təhlükəsizlik və sülh arxitekturasını nəzərdə tutur. Bu modelə Rusiya, Belarus, eləcə də Ukrayna və Moldova da daxil olmalıdır. Lakin Parisin Moskva ilə yenidən danışıq aparmaq istəyi nə vahid Avropa mövqeyinə, nə də real Avropa strateji muxtariyyətinə əsaslanır. Bu mövqe həmçinin Rusiyanın və onun proksi qüvvələrinin (məsələn, Afrika Korpusu, Vaqner qrupu və s.) aqressiv ritorikasına qarşı effektiv cavab verə bilmir”, - deyə E.Dupuy əlavə edib.

Chosen
20
2
paralel.az

10Sources