EN

“Traktor” ÇL-də dördüncü qələbəsini qazandı – ARENA.AZ

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” Asiya Çempionlar Liqasının 2025/2026 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu turnirin əsas mərhələsinin 6-cı turunda Qətərin “Əl-Dühail” komandası ilə qarşılaşıb.

Doğma meydanda baş tutmuş bu oyunda təbrizlilər növbəti qələbəyə seviniblər – 2:1. Dördüncü qələbəsini rəsmiləşdirmiş İran çempionunun heyətində Şoca Xəlilzadə (51) və Əmirhüseyn Hüseynzadə (90+2) fərqləniblər.

Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv ÇL-dəki növbəti oyununu evdə Qətərin digər təmsilçisi “Əl-Sədd”ə qarşı keçirəcək. Bu oyun 2026-cı il fevralın 10-da baş tutacaq.

Qeyd edək ki, Asiya Çempionlar Liqasının cari mövsümündə ümumilikdə 24 komanda mübarizə aparır. İştirakçılar coğrafi prinsiplə “Qərb” və “Şərq” zonalarına bölünüblər. Hər zonada 12 komanda yarışır və komandalar qruplar üzrə deyil, vahid turnir sistemi ilə mübarizə aparırlar.

Hər komanda 8 oyun keçirəcək. Onların nəticələrinə əsasən, “Qərb” və “Şərq”in hərəsindən 8 ən yaxşı komanda 1/8 finalda oynamaq hüququ qazanacaq. Orada da komandalar öz zonalarında yer alanlarla qarşılaşacaqlar. Yalnız 1/4 final mərhələsindən “Qərb”lə “Şərq” birləşəcək. 1/4 final, yarımfinal və final görüşləri 2026-cı ildə, aprelin 17-25-də Səudiyyə Ərəbistanında keçiriləcək.

“Traktor” “Qərb” zonasında yer alıb. Komanda hazırda 14 xalla 2-ci pillədə qərarlaşıb. Təbrizlilər növbəti turlarda evdə “Əl-Sədd” (Qətər), səfərdə “Əl-Qarafa” (Qətər) ilə də qarşılaşacaqlar.

Xatırladaq ki, ötən mövsüm tarixdə ilk dəfə İran çempionu olmuş “Traktor” ölkənin Asiya Çempionlar Liqasının Elit turnirində yeganə təmsilçisidir. Təbriz təmsilçisi ötən mövsüm Asiya Çempionlar Liqasının 2-ci turnirinə qatılmış və 1/4 finala qədər irəliləmişdi.

Chosen
57
3
arena.az

6Sources