Bu gün Bakıda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçirilib.
Aznews.az xəbər verir ki, iclasdan əvvəl Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz arasında təkbətək görüş olub.
Daha sonra Əli Əsədov və Cevdet Yılmazın həmsədrliyi və hər iki ölkənin müvafiq dövlət qurumlarının rəhbərliyinin iştirakı ilə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçirilib.
İclasda qeyd olunub ki, Azərbaycan ilə Türkiyəni dərin tarixi və mədəni köklər üzərində qurulmuş möhkəm dostluq və qardaşlıq münasibətləri birləşdirir.
2021-ci il iyunun 15-də Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış tarixi Şuşa Bəyannaməsinin ikitərəfli münasibətləri müttəfiqliyin ən yüksək zirvəsinə qaldırdığı bildirilib.
Dövlət başçıları arasında mövcud olan şəxsi münasibətlərin və sıx təmasların strateji tərəfdaşlığın ardıcıl inkişafını təmin edən əsas amil olduğu bildirilib.
Təkcə bu il Prezidentlər arasında 7 qarşılıqlı səfərin baş tutduğu diqqətə çatdırılıb.
Prezident İlham Əliyevin 19 iyun tarixində Türkiyəyə son səfəri zamanı Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasiminin keçirildiyi, Prezident Rəcəb Tayyib Ərdoğanın isə noyabrın 8-də Bakıda Vətən müharibəsində Qələbənin 5-ci ildönümünə həsr olunmuş hərbi paradda iştirak etdiyi vurğulanıb. Bütün bunların siyasi dialoqun yüksək səviyyəsinin göstəricisi olduğu bildirilib.
Azərbaycan ilə Türkiyə arasında beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan ənənəvi sıx əməkdaşlıqdan və qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub.
Türk Dövlətləri Təşkilatının hər iki ölkə üçün xüsusi əhəmiyyətə malik olduğu vurğulanaraq Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın Türk dünyasının birliyi və TDT-nin beynəlxalq aləmdə nüfuzunun artırılması üçün əzmkar fəaliyyət göstərdikləri qeyd edilib.
Oktyabrda Qəbələdə TDT-nin 12-ci Zirvə Görüşünün baş tutduğu və sədrliyin Azərbaycana keçdiyi bildirilib, sədrliyimiz dövründə təşkilatın öz inkişafını davam etdirəcəyinə və nüfuzunu daha da artıracağına əminlik ifadə olunub.
Bu il TDT-də yeni formatın – Hökumət başçılarının/Vitse-prezidentin görüşünün yaradıldığı, Qırğızıstanda keçirilən ilk görüşdən sonra Azərbaycanın 2026-cı ildə növbəti iclasa ev sahibliyi edəcəyi diqqətə çatdırılıb.
İqtisadi-ticari sahədə ikitərəfli əlaqələrə toxunularaq Türkiyənin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğu qeyd edilib. Bildirilib ki, hər iki ölkənin mövcud iqtisadi potensialı və coğrafi üstünlükləri ticarət dövriyyəsinin həcmini daha yüksək səviyyəyə qaldırmaq üçün real imkanların mövcud olduğunu göstərir.
Preferensial Ticarət Sazişinin nəticələrinin təhlil edilərək əhatə dairəsinin genişləndirilməsinin vacibliyi vurğulanıb.
İnvestisiya sahəsində əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.