EN

Avropa Komissiyası Ukraynaya maliyyə yardımının növbəti tranşını köçürüb

Bakı, 22 dekabr, AZƏRTAC

Avropa Komissiyası (AK) Kiyevə Ukraynaya Dəstək Fondundan 2,3 milyard avro məbləğində maliyyə yardımının növbəti tranşını köçürüb.

AZƏRTAC xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə AK-nin nümayəndəsi Ulof Cill deyib. “Avropa Komissiyası bu gün Kiyevə 2,3 milyard avro məbləğində altıncı tranşı köçürüb. Bu maliyyə yardımı Ukrayna dövlətinin fəaliyyətinə dəstək olacaq”, - deyə o bildirib. Ulof Cillin sözlərinə görə, AK 2025-ci ildə Ukraynaya Dəstək Fondundan Kiyevə ümumi məbləği 26,8 milyard avro olan maliyyə yardımının altı tranşını köçürüb.

Avropa İttifaqının (Aİ) xarici əlaqələr üzrə ali nümayəndəsi Kaya Kallas dekabrın 1-də bildirmişdi ki, Aİ 2022-ci ilin fevralından bəri Ukraynaya 187 milyard avrodan çox yardım edib.

Xatırladaq ki, Aİ dekabrın 19-da yekunlaşan Brüssel sammitində Rusiya aktivlərinin müsadirəsindən imtina edib və Ukraynaya öz büdcəsindən 90 milyard avro kredit ayırmağı qərara alıb. Macarıstan, Slovakiya və Çexiyanın bu kreditin təmin olunmasında iştirak etməyəcəyi açıqlanıb.

 

Chosen
65
2
azertag.az

3Sources