EN

Qanun dəyişir: Atalar uşağın doğumuna görə pul alacaq

Milli Məclisdə müzakirəyə çıxarılan və birinci oxunuşdan keçən Əmək Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, uşağın doğumu ilə bağlı atalara ödənişli məzuniyyət hüququnun verilməsi nəzərdə tutulur.

Bəs, atalıq məzuniyyətinin müddətin və ödənişin hesablanma qaydası necədir?

Məsələ ilə bağlı Milli Məclisin deputatı Müşfiq Məmmədli Milli.Az-a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyinə, xüsusilə Əmək Məcəlləsinə əsasən, indiyədək atalara uşağın doğulduğu günə təsadüf edən dövrdə 14 təqvim günü müddətində ödənişsiz məzuniyyət verilməsi nəzərdə tutulurdu.

Deputat qeyd edib ki, hazırda Əmək Məcəlləsinin 125-ci maddəsinə "Hamiləliyə və doğuşa görə məzuniyyətlər"lə bağlı dəyişiklik edilməsi təklif olunub və bu dəyişiklik artıq birinci oxunuşda qəbul edilib. Təklif olunan dəyişikliklərə əsasən, hamiləliyə və doğuşa görə həyat yoldaşı məzuniyyətdə olan kişilərə doğuş gününə təsadüf edən ərəfədə səhiyyə müəssisəsinin arayışı əsasında 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsi nəzərdə tutulur.

Bundan əlavə millət vəkili nəzərə çatdırıb ki, dəyişikliklərdən əvvəl də Əmək Məcəlləsinin 130-cu maddəsinə əsasən, həyat yoldaşı doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə 14 təqvim gününədək ödənişsiz məzuniyyət verilməsi mümkündür. Bu baxımdan, ataların həm ödənişli, həm də mövcud qanunvericiliklə nəzərdə tutulan ödənişsiz məzuniyyət hüququnun saxlanılması mühüm əhəmiyyət daşıyır:

"Qanunvericilikdə atalıq məzuniyyətinin müddəti və başlanma vaxtı dəqiq müəyyənləşdirilir, onun tətbiq mexanizmi isə müvafiq icra hakimiyyəti orqanlarının verdiyi təlimat və qərarlar əsasında həyata keçirilir. Digər texniki və icra məsələləri də məhz bu mexanizm çərçivəsində tənzimlənir".

Qeyd edək ki, bu dəyişikliklər Milli Məclisdə üç oxunuşdan keçdikdən və Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

M.Məmmədli hesab edir ki, bu yenilik ailə institutunun möhkəmləndirilməsi baxımından çox mühüm addımdır. Onun sözlərinə görə, dəyişiklik ailə yükünün gender bərabərliyi prinsiplərinə uyğun şəkildə qadın və kişi arasında bölüşdürülməsini ön plana çıxarır. Eyni zamanda, doğuş ərəfəsində və sonrakı çətin dövrdə atanın həyat yoldaşının yanında olması, ailədə digər uşaqların sağlamlığı və inkişafında fəal iştirak etməsi üçün imkan yaradır:

"Bu addım həm sosial dövlət anlayışının möhkəmləndirilməsi, həm də qadın hüquqlarına verilən önəmin bariz göstəricisidir. Bununla yanaşı, Azərbaycan dövləti ailə institutunun dövlət siyasətində nə dərəcədə önəmli olduğunu bu dəyişikliklə bir daha nümayiş etdirir".

Chosen
27
1
moderator.az

10Sources