“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşündə qapılara qol vurulmayıb – 0:0.
Xorxe Kaskilya oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Hər iki komanda üçün çox çətin oyun oldu. “Zirə”nin topla üstünlüyü olsa da, taktiki cəhətədən hazır idik. Müdafiəni yaxşı qurmuşduq. “Zirə” iki təhlükəli vəziyyəti standart vəziyyətlərdən yaratdı. Bilirdik ki, rəqib fiziki cəhətdən güclüdür. İki təhlükəli künc zərbəsindən savayı, “Zirə” bizim qapımıza yaxınlaşa bilmədi. Bu da onu göstərir ki, matça taktiki cəhətdən yaxşı hazırlaşmışdıq.
İkinci hissədə gözləyirdik ki, “Zirə” intensiv hücumlar edəcək. Onların oyunçuları fiziki və fərdi keyfiyyətə görə üstündür. Rəqib qol vurmaq istəyirdi. 70-ci dəqiqəyə qədər onlar pressinq edirdi. Bizim oyunçular daha yorğun görünürdü. Çünki bundan əvvəlki matçımız çox çətin şəraitdə keçmişdi. “Zirə” ilə oyuna hazırlaşmaq üçün 4 günümüz var idi. Çempionatın bu fazasında 4 günə oyuna hazırlaşmaq çox çətindir. “Zirə”nin isə 6 gün vaxtı var idi. Onlar qol vurmaq istəyirdilər. Bu cür rəqibə qarşı 1 xala görə müdafiə olunduq. Bunu müvəffəqiyyətlə etdik. İkinci hissədə məqsədimiz 1 xal qazanmaq idi, ona da nail olduq”.
