Abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi də qadağan edilir.
APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağan olacaq.
Qüvvədə olan qanuna əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Qanun qəbul ediləcəyi halda 2026-cı il fevralın 1-dən qüvvəyə minəcək.