
"Rusiya-Ukrayna müharibəsində hələ qalibin olub-olmayacağını demək çətindir, lakin artıq iki tərəfin məğlub olduğu aydındır - Ukrayna və Avropa İttifaqı".
Missiya.Az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ukrayna faktiki olaraq öz ərazilərinin bir hissəsinin itirilməsini qəbul etmək məcburiyyətində qalır, dörd il ərzində yüz minlərlə vətəndaşını itirən ölkənin iqtisadiyyatı dağılıb. Digər tərəfdən isə Avropa İttifaqı (Aİ) Ukraynanın maliyyə və hərbi yardım yükünü öz üzərinə götürüb.
Papuaşvili bəyan edib ki, Ukraynanın NATO-ya üzvlüyü heç vaxt real olmayıb.
O bildirib ki, həm Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson, həm də Ukrayna Prezidenti Volodimir Zelenski etiraf ediblər ki, ABŞ-nin sabiq dövlət başçısı Co Bayden dövründə də Kiyevə Ukraynanın NATO-ya qəbul olunmayacağı açıq şəkildə bəyan edilib.
Papuaşvili əlavə edib ki, 2008-ci ildən sonra illər boyunca “açıq qapı” siyasəti adı altında Ukrayna və Gürcüstan NATO üzvlüyünə ümidləndirilib. Lakin müharibə başlayanda heç bir NATO əsgəri döyüş mövqeyində yer almayıb.
Parlament sədri qeyd edib ki, bu müharibənin yeganə real qalibi maliyyə sektoru ola bilər. Belə ki, Avropa İttifaqı Ukraynaya yardım üçün təxminən 90 milyard avro həcmində kredit götürməyə hazırlaşır.
Papuaşvili bildirib ki, Aİ-nin iqtisadi artımı demək olar ki, sıfıra yaxındır və üzv ölkələrdə daxili siyasi gərginlik artmaqdadır.
“Hazırda müharibənin qalibi olub-olmayacağı bilinmir, lakin məğlublar artıq bəllidir - Ukrayna və Avropa İttifaqı”, - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az