İş həyatının gərgin tempi, uşaqlar, yemək hazırlığı, alış-veriş və gündəlik qayğılar ev təmizliyinin çox zaman həftə sonuna saxlanılmasına səbəb olur. Nəticədə isə həftə sonları yığılıb qalan ev işləri insanı yorur. Lakin mütəxəssislər bildirir ki, cəmi 28-30 dəqiqəlik sürətləndirilmiş təmizlik rutini ilə evi qısa zamanda səliqəli və təravətli hala gətirmək mümkündür.
Milli.Az xəbər verir ki, UrbanYou şirkətinin həmtəsisçisi və təmizlik mütəxəssisi Elke Kili (Elke Keeley) ev baxımı üçün saatlarla vaxt itirmədən effektiv nəticə əldə etməyin yollarını paylaşıb. Onun sözlərinə görə, cəmi 28 dəqiqəlik planlı təmizlik evin ümumi görünüşünü tamamilə yeniləyə bilər.
Mətbəx - 8 dəqiqə
Çirkli qabları birbaşa qabyuyan maşına yerləşdirin, əldə yuyulacaq qabları isə isti, sabunlu suda isladın.
Mikrofiber parça ilə dolabları, stolu və səthləri yuxarıdan aşağıya doğru silin.
Masa üçün ev şəraitində hazırlanmış dezinfeksiyaedici salfetlərdən istifadə edin.
Mətbəx çanağını sodalı su ilə ovmaq ləkələri çıxarır və xoşagəlməz qoxuları aradan qaldırır.
Hamam - 5 dəqiqə
Duş və ya vannaya sirkəni sprey ilə səpin, bu müddətdə unitazı təmizləyin.
Unitaz üçün hidrogen peroksid və qab yuma deterjanı qarışığı 5 dəqiqəyə effektiv nəticə verir.
Güzgüləri sirkə-su qarışığı ilə silərək izsiz parıltı əldə edin.
Yataq otağı - 5 dəqiqə
Mələfələri səliqəyə salın, yastıqları çırpın.
Çirkli paltarları səbətə, təmiz paltarları isə dolaba yerləşdirin.
Mebel üzərində sirkə və su qarışığı ilə toz almaq tozun daha gec yığılmasına kömək edir.
Döşəmələr - 10 dəqiqə
Taxta döşəmələrdə əvvəlcə sürətli süpürmə, sonra mikrofiber mopla "W" hərəkəti edin.
Xalçalarda otağı geriyə doğru süpürmək vaxt qazandırır.
Sirkə-su qarışığı ilə hazırlanmış təmizlik məhlulu və mikrofiber mop tozu özünə çəkərək effektiv təmizlik yaradır.
Lalə Qüdrətova
Milli.Az