EN

Elektron siqaretlər niyə qadağan edilir? - Ziyanları açıqlandı

Xəbər verdiyimiz kimi, Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək. Bu məsələ Milli Məclisə təqdim olunan qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, eləcə də istifadəsi qadağan olunacaq. Həmçinin nikotin tərkibli elektron siqaretlər tütün məmulatı hesab ediləcək.

Uzun illərdir elektron siqaretlərin ziyanlı olması ilə bağlı təbliğat aparılsa da, bu məhsullardan istifadə edənlərin sayı günbəgün artır. Mütəxəssislər bunun əsas səbəbinin psixoloji amillərlə bağlı olduğunu bildirirlər.

Mövzu ilə bağlı terapef Günay Lətifova Day.Az-a açıqlamasında qeyd edib ki, son illər elektron siqaretlərə maraq xeyli artıb:

"Bu, əsasən psixoloji amillərlə bağlıdır. İnsanlar düşünürlər ki, elektron siqaretlər adi siqaretlərdən daha az zərərlidir və ya ümumiyyətlə zərərsizdir. Lakin bu, tamamilə yanlışdır. Elektron siqaret də adi siqaret kimi sağlamlıq üçün zərərlidir", - deyə o bildirib.

Mütəxəssisin sözlərinə görə, elektron siqaretlər ilk növbədə ağciyərlərə ciddi ziyan vurur:

"Ağciyərlərin iltihablanması, tənəffüs çatışmazlığı kimi problemlərin yaranma riski artır. Tərkibində nikotin olduğu üçün asılılıq yaradır. Daha sonrakı mərhələdə isə ürək-damar sisteminə mənfi təsir göstərir, ürək ritmini pozur və damarların zədələnməsinə səbəb olur", - deyə Günay Lətifova vurğulayıb.

O, elektron siqaretlərin psixoloji təsirlərinə də diqqət çəkərək bildirib ki, bu məhsullar əsəbilik və yuxusuzluq yarada bilər.

"Araşdırmalar zamanı elektron siqaretin buxarında formaldehid, ağır metallar və digər toksik maddələr aşkar edilib. Bu səbəbdən elektron siqaretlər adi siqaretlərin alternativi hesab edilə bilməz. Biz siqaretlə yanaşı elektron siqaretdən də istifadə etməməyi tövsiyə edirik", - deyə terapef əlavə edib.

Elxan Əliyev
Day.Az

Chosen
68
7
day.az

10Sources