Bu gün görkəmli Azərbaycan bəstəkarı, pianoçusu, caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin doğum günüdür.
Kulis.az Ülviyyə Heydərovanın "Vaqif Mustafazadə - barmaqlarında muğam ətri" yazısını təqdim edir.
İnsan Allahın düşünülmüş şəkildə yaratdığı varlıqdırsa, istedadlı şəxs məhz onun fantaziyasının nəticəsidir. Yəni Yaradan yaratdığına həmişəki kimi ruh verəndə, bəzən bəndəsinə söz, rəng, musiqi və daha nələrsə qataraq yer üzünə bəxşiş göndərir. Təbii ki, dünya “hədiyyəni" o dəqiqə qəbul edib onu bəşər tarixinin parlaq səhifələrində yaşatmır. Kələ-kötür, daş-kəsəkli olan özünütəstiq yolu daim mübarizələrlə davam etdiyindən Allahın “fantaziyası" çox zaman ona verilən istedad payının bəhrəsini görməkdə çətinlik çəkir. Buna ya ətraf mühit mane olur, ya ömür imkan vermir, ya da ki... Qəribə səslənsə də, bu sonsuz nöqtələrin arxasında gizlənən səbəblər əslində, istedadın Zamanla birgə ömür sürməsinə kömək edir. Çünki əzən yox, əzilən güclü olur. Yəni o, əzildikcə özünümüdafiədə maneələri dəf edərək sözün əsil mənasında yaşamağa vəsiqə qazanır...