EN

41 yaşlı kişi həbsdən azad edildi: Arvadı əvvəlcə şikayət etdi, sonra...

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Gədəbəy rayonunda 1984-cü il təvəllüdlü Nəriman ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Səbinəyə (adlar şərtidir – red.) xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 29 mart 2025-ci ildə rayonun kəndlərindən birində baş verib. Nəriman həmin gün saat 18 radələrində yaşadığı evin həyətində yerləşən tövlədə arvadı Səbinə ilə mübahisə edib. Aralarında şəxsi münasibətlərin pozulması zəmİnində yaranmış münaqişə zamanı arvadını əl və ayaq zərbələri ilə döyüb, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən Nərimanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Nəriman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Səbinə onun arvadı olub: “Biz birlikdə Gədəbəy rayonunun kəndində birgə yaşamışıq. Evimizin həyətindəki tövlədə iribuynuzlu heyvan saxlamaqla məşğul oluruq. Əvvəllər Səbinə ilə münasibətlərimiz yaxşı olub. Amma sonradan isə aramızda söz-söhbət yaranmağa başlamışıq. Son vaxtlar ailədaxili mübahisələrimiz artıb”. Təqsirləndirilən şəxsin sözlərinə görə, martın 29-da şəxsi işləri ilə əlaqədar olaraq kənd ərazisində olub, sonra evinə qayıdıb: “Həmin gün saat 18 radələrində heyvanlara baxmaq üçün evin həyətində olan tövləyə daxil oldum. Orada iribuynuzlu heyvanlardan birinin zincirinin açılaraq digər iribuynuzlu heyvanı vuraraq yıxdığını gördüm. Bu zaman Səbinəni tövləyə çağırdım. Bununla bağlı ona irad tutdum. Aramızda mübahisə baş verdi. Mən də əsəbləşərək Səbinəni əl və ayaq zərbələri vurdum. Onu  itələdim, daha sonra tövlədən çıxaraq getdim. Hadisə baş verən vaxt spirtli içki qəbul etdiyi üçün sərxoş olmuşam. Əməlimdən peşmanam, arvadımdan üzürxahlıq etmişəm. Lakin o, mənimlə barışmayıb”.Gədəbəy Rayon Məhkəməsinin hökmü ilə Nəriman 4 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını  ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib və həbs qətimkan tədbiri ilə əvəz edilib. O, məhkəmə zalından həbs edilib.Hökmdən zərərçəkmiş apellyasiya şikayəti verib. O, hökmün ləğv edilməsini, təqsirləndirilən şəxslə barışdığından onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunub. Gədəbəy Rayon Məhkəməsinin 9 oktyabr 2025-ci il tarixli hökmü ləğv edilib. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilib. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və məhkəmə iclas zalında dərhal həbsdən azad edilib.Fariz Məlikli

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
59
demokrat.az

1Sources