EN

On il əvvəlki şagird sosial şəbəkələrdən asılı deyildi - MÜSAHİBƏ

Yaxşı müəllim olmaq üçün yüksək bilik və bacarıqla bərabər onu tamamlayan məsuliyyət və cavabdehlik olmalıdır

Hər xalqın gələcəyi onun tarixini öyrədən və gələcək nəsillərə ötürən müəllimlərin əməyi ilə ölçülür. Tarixi yalnız keçmişin xronikası kimi deyil, gələcək üçün ilham mənbəyi kimi təqdim edən müəllimlər cəmiyyətin ən qiymətli sərvətidir. Şagirdlərinə bilik ötürən, onları həyat yolunda yönləndirən və gələcək nəsillərə dəyərlər aşılayan müəllimlər cəmiyyətimizin bünövrəsini formalaşdırır.  İlyas Əfəndiyev adına Elitar gimnaziyada tarix fənni tədris edən Elsevər Məmmədov məhz belə müəllimlərdəndir.

 2007-ci ildən pedaqoji fəaliyyətə başlayan Elsevər müəllim şagirdlərinin uğurlarını öz uğuru kimi qəbul edir, onları yalnız tarix bilikləri ilə silahlandırmır, həm də vətənpərvərlik ruhu ilə böyüdür. “İki sahil” olaraq onun müəllimlik yoluna, uşaqlıq illərində yaranan tarix sevgisinə, şagirdlərlə ünsiyyət fəlsəfəsinə və gələcək hədəflərinə dair maraqlı söhbət etdik. Elsevər müəllim hər bir şagird uğurunun arxasında müəllim zəhmətinin dayandığını vurğulayır və gənc müəllimlər üçün dəyərli tövsiyələrini bölüşür.

-Elsevər müəllimi necə tanıyaq?

-Məmmədov Elsevər Eldar oğlu 1980-ci il iyulun 19-da Şəmkir rayonunun Sabirkənd kəndində dünyaya gəlib. Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsində, həm bakalavr, həm də magistratura pillələrində tamamlayan E.Məmmədov, hərbi xidməti başa vurduqdan sonra 2007-ci ildən pedaqoji fəaliyyətə başlayıb. İlk olaraq Bakı şəhəri 133 saylı tam orta məktəbdə tarix müəllimi kimi işə başlayan Elsevər Məmmədov, 2015-ci ildən etibarən İlyas Əfəndiyev adına Elitar gimnaziyada fəaliyyətini davam etdirir. Müəllimlik fəaliyyəti ərzində şagirdlərinin nailiyyətləri ilə seçilən Elsevər Məmmədovun  iki şagirdi Respublika Fənn Olimpiadasında tarix fənni üzrə gümüş və bürünc medallara layiq görülüb. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsində də onun şagirdləri yüksək nəticələr göstərərək ikinci və üçüncü yerləri tutublar. Qərbi Azərbaycana Qayıdış müsabiqəsi və digər şəhər və ölkə səviyyəli yarışlarda da iştirak edən müəllim, hər zaman şagirdlərinin akademik və yaradıcı inkişafına dəstək verib. Fəaliyyətindəki uğurların nəticəsi olaraq məktəb rəhbərliyi və müxtəlif müsabiqə təşkilatçıları tərəfindən “Təşəkkürnamə” və Fəxri fərmanlarla təltif olunan Elsevər Məmmədov, Azərbaycan Respublikasının elm və təhsil nazirliyi tərəfindən də Fəxri fərmanla mükafatlandırılıb.

-Elsevər müəllim müəllimlik yoluna aparan həyat hekayəniz haradan başladı? Uşaqlıq illəriniz və ailə mühitiniz bu seçimə necə təsir etdi?

-Əslində, məktəb illərində tarix fənninə böyük marağım var idi. Arxeologiya ilə çox maraqlanırdım. Bu marağı məndə həm də tarıx məllimlərim Akif müəllim və Zakir müəllim formalaşdırmışdı. Onların xarekteri mənə çox böyük təsir göstərmişdi. Həm də anam Azərbaycan dili və ədəbiyyat müəllimi olduğundan bu seçimimdə onun fəaliyyəti də böyük rol oynamışdı.

-İlk dərs gününüzü xatırlayırsınızmı?

-Bəli xatırlayıram. İlk dəfə sinif otağına daxil olarkən təbii olaraq həyacan hiss edirsən. Amma məsuliyyətini düşündükcə özünü toparlayırsan. Şagirdlərin dəqiq baxışları və kəşfiyyat xarekterli sualları ilə qarşılaşırsan. Şagirdlərin daha nümunəvi görünmək üçün rəqabətə girmələri isə məni həvəsləndirirdi.

-2015-ci ildən İlyas Əfəndiyev adına Elitar gimnaziyada fəliyyət göstərirsiniz. Bu məktəbdə işləmək sizə hansı yeni imkanları qazandırır?

-Uğurlarımın çoxunu Elitar gimnaziyada qazanmışam. Müxtəlif müsabiqə və yarışlarda müntəzəm iştirak etmək xüsusilə vacibdir. Daha çox istedadlı şagirdlərin olması sənə istədiyini reallaşdırmağa geniş imkanlar verir. Bir də hərəkətverici qüvvə olaraq gimnaziyamızın direktoru Səadət müəllim dəstək və təcrübəsi ilə daim mənə istiqamət verir. Müəllim yoldaşlarım mənimlə fəal əməkdaşlıq edirlər. Belə bir mühit  təbii ki, yeni imkanlar qazandırır.

-Bugünkü şagird nəsli ilə on il əvvəlki şagirdlər arasında hansı fərqləri görürsünüz?

-İlk növbədə, zamanla texnoloji inkişaf fərqləri şagirdlərin də düşüncə və baxışlarını dəyişdirib. On il əvvəlki şagird sosial şəbəkələrdən asılı deyildi. Bu, əvvəlki şagirdlərdən fərqli olaraq indiki şagirdlərin fikirlərinə daha çox istiqamət verir. Onların davranışlarına, ailəsinə, təhsilinə, məktəbə, müəllimlərinə və şagird yoldaşlarına münasibətlərinə mənfi və müsbət mənada təsir göstərir. Amma həm də süni zəkanın müasir inkişafı dövründə şagirdlərin öyrənmə ehtiyacının meyarları dəyişib. Bunu da qəbul edib uyğunlaşmaq lazımdır.

-Sizcə, tarix fənninin şagirdlərdə vətənpərvərlik hissinin formalaşmasında rolu nədən ibarətdir?

-Doğma tariximizi öyrənmək hər birimizin borcudur. Tariximiz müxtəlif dövrlərdə fəaliyyət göstərmiş qüdrətli dövlətlər, böyük hökmdarlar, güclü sərkərdələr, qəhrəmanlar yetişdirib. Onlar haqqında məlumatlar Vətənimizin, dövlətçiliyimizin qorunmasında, inkişafındakı rolunu göstərməklə şagirdlərə nümunələr verir və vətənpərvərlik hisslərini formalaşdırır. 

-Sizi ən çox motivasiya edən nədir-öz uğurlarınız, yoxsa şagirdlərinizin qazandığı naliyyətlər?

-Təbii ki, şagirdlərin naliyyətləri hər bir müəllimin uğura aparan əsas yoldur. Şagirdlərin sevinci müəllimi fərəhləndirir. Axı şagirdlərin hər bir nailiyyəti həm də biz müəllimlərin naliyyətidir. Bu, ikili motivasiya deməkdir. Onu da qeyd etməliyəm ki, şagirdlərin zəhmətinə zamanında dəyər verilməsi və daim diqqətdə saxlanılması vacibdir. Çünki bu onu gələcək üçün daha ardıcıl və məqsədyönlü fəaliyyətə ruhlandırır.

-Sizcə, Azərbaycan təhsil sistemi son illərdə hansı istiqamətdə inkişaf edir və bu inkişafda müəllimlərin rolu nədən ibarətdir?

-Təhsil sisteminin davamlı şəkildə təkmilləşdirilməsi prosesi aparılır. Bu təhsilin idarə edilməsində, təhsilin məzmun və istiqamətlərində özünü göstərir. Müəllim bu dəyişikliklərin əsasını təşkil edir. Təhsil sistemində aparıcı qüvvə müəllim olduğundan inkişafıın təməl prinsipləri də ona yönəlir. Burada müəllimlərin bilik və bacarıqlarının artırılaraq müasir dövrün tələblərinə uyğunlaşdırılması əsas prioritet hesab olunur. Hər halda bilirik ki, artıq innovativ zamanda yaşadığımız üçün şagirdlərə də daha dəqiq, ən vacib, çevik bilik və bacarıq ötürmək zərurəti yaranıb. Bu, artıq müasir dövrdəki tərəqqinin tələbi olub,.sadəcə bizim istəyimizdən asılı deyil.

-Müəllimliyin ən çətin tərəfləri hansılardır?

-Hər addımını daim diqqətdə saxlamalısan. Axı, sən cəmiyyət üçün yaxşı nümunə hesab olunursan. Şagirdlərin üçün təhsildə və həyatda doğru yolu göstərən kompas rolunu oynayırsan. Digər tərəfdən, müəllim peşəsi daha çox zehni fəaliyyətlə bağlı olduğundan onun verdiyi yorğunluğa baxmayaraq, gündəlik həyatında qarşılaşa biləcəyin istənilən gərginliyi idarə etməyi də bacarmalısan. Bu, səndən həm də yüksək psixoloji hazırlıq tələb edir ki, yumşaq adekvat davranışlarınla vəziyyəti daim nəzarətdə saxlayasan.

-Yaxşı müəllim necə olmalıdır?

-Yaxşı müəllim olmaq üçün yüksək bilik və bacarıqla bərabər onu tamamlayan məsuliyyət və cavabdehlik olmalıdır. Daim öyrənməyə, məlumatlı olmağa çalışmalısan.Əslində bu işin pedaqoji tərəfi ola bilər. Həm də insani dəyərlərə önəm verməlisən və hər hərəkətində onu nümayiş etdirməlisən.

-Şagirdlərinizə nəyi tövsiyə edirsiniz ki, ”qulaqlarında sırğa”etsinlər?

-Ailələrinə verdikləri dəyərin bir hissəsini də məktəbə daşısınlar. Axı, məktəb də hamımızın ailəsidir. O da hörmət və ehtiram gözləyir. Onlardan gözlənti odur ki, gündəlik dərslərinə müntəzəm hazırlıqlı olmaqla, öyrənmək və mübarizə aparmaq əzmlərini heç vaxt itirməsinlər. Unutmasınlar ki, biz hamımız onların vasitəsilə ölkəmizin gələcək tərəqqisinə xidmət edirik.

-Siz öz müəlliminizin hansı tövsiyəsini “qulağınıza sırğa”etmisiniz?

-Yadımdadır! Mənə müəllimim daha çox təşəbbüs göstərməyi və utancaq olmamağı məsləhət görürdü. “Səni digərlərindən fərqləndirən üstün cəhətlər var, niyə yararlanmırsan” deyirdi. Amma əslində mən də hamı kimi idim. Bu, bir pedaqoji fənd olsa da şagird olanda mənə də böyük stimul vermişdi, bir növ məni daha çox döyüşməyə sövq etmişdi. Mən də düşünürdüm ki, bacarmalı olduğum anlarda utancaq və ləng olmamalıyam.

-Sizin müəllimlik fəlsəfəniz nədən ibarətdir? Şagirdlərlə ünsiyyətdə hansı prinsiplərə sadiqsiniz?

-Mən şagirdlərimə onların maraq dairələri tərəfindən yanaşıram. Düşünürəm ki, onların həmişə düşüncələrini, istəklərini müəlliminə çatdırmaq, onunla bölüşmək istəyi həmişə var. Sadəcə müəllim olaraq, vaxtında ünsiyyət qurmaqla ona şərait yaratmalıyıq. Şagirdlərin müəllimin qədərində və vaxtında edilən ruhlandırıcı sözlərinə ehtiyacı var. Əsas şərtlərdən biri də şagirdləri özünə və seçdiyi məqsədin uğuruna inandırmaqdır.

-Müəllim kimi fəaliyyətinizdə unudulmaz xatirəniz hansıdır və bu xatirə sizə hansı dərsi öyrətdi?

-Nüfuzlu bir ziyalımızın iradı məni hərəkətə gətirmişdi. “Nə etmisən ki, Elsevər müəllim nə də nəticə görəsən” sözləri mənə toxunmuşdu. Bu məndə öz bacarığıma inam yaratmışdı və işimə dinamika qatmışdı. Müəllimliyin ilk illərində şagirdlə bağlı tələsik qərar vermişdim. Amma sonra başa düşdüm ki, bir, iki tam olmayan fikirlə nəticə çıxartmaq olmaz.

-Son dərs gününüzü necə təsəvvür edirsiniz?

-Təqaüdə çıxan müəllim yoldaşlarımdan bilirəm. Hər halda şərəfli missiyanı tamamlamağın vaxtının çatacağını düşünəndə məyus oluram. Ömrünün böyük hissəsini bu çətin və şərəfli peşəyə həsr edən hər bir müəllimə təsirli görünür. Axı keçdiyin yolda məsuliyyətli, çalışqan, intizamsız, sakit, dəcəl fərqli obrazlarda sevdiyin şagirdlərin olub.

-Bu müsahibəni oxuyan gənc müəllimlərə və gələcəyin tarixçilərinə hansı tövsiyyələri vermək istərdiniz?

-İstəyirəm hər zaman müəllim olmağın necə böyük mənəvi zənginlik olduğunu dərk etsinlər. Şagirdlərini sevərək onların inkişafı üçün əllərindən gələni əsirgəməsinlər. Uğur əldə etmək üçün daim cəhd göstərib, istənilən təklifi həyata keçirməyə can atsınlar. Səbr və təmkinlə hərəkət etsinlər.

-Gələcək illər üçün hədəfləriniz nələrdir?

-Gələcəkdə əvvəllər əldə etdiyim naliyyətləri təkrarlamaq, yeni layihələrdə uğur qazanmağı arzulayıram. Təklif olunan yeni elmi layihələr var. Ümid edirəm ki, planlaşdırdığım fikirləri həyata keçirə biləcəyəm.

Yaqut Ağaşahqızı, “İki sahil”

Chosen
56
ikisahil.az

1Sources