EN

Azərbaycan MDB-də ən böyük "akkumulyator"a çevriləcək » AzadMedia.az


Azərbaycanın iki müxtəlif regionunda Çin istehsalı olan və MDB məkanında analoqu olmayan iri həcmli batareya enerji saxlama sistemlərinin quraşdırılmasına start verilib. Bu layihə ölkədə bərpa olunan enerji mənbələrinin potensialının genişləndirilməsinə mühüm töhfə verəcək.

Yüksək tutumlu akkumulyator sistemləri alternativ enerji mənbələrinin daha səmərəli istifadəsini təmin edəcək. Sözügedən enerji ehtiyatları Bakı ətrafında yerləşən 500 kV-luq “Abşeron” yarımstansiyasında, eləcə də ölkənin mərkəzindəki 220 kV-luq “Ağdaş” yarımstansiyasında saxlanılacaq.

Enerji saxlama mərkəzlərinin ümumi gücü 250 meqavat, enerji tutumu isə 500 meqavat-saat təşkil edir. Avadanlıqların ilk partiyası artıq ölkəyə gətirilib.

Akkumulyator sistemləri Çinin “Great Power” zavodunda Azərbaycan üçün xüsusi sifariş əsasında istehsal olunub. Yüklər Sakit okean və Hind okeanı marşrutu ilə, Qırmızı dəniz, Süveyş kanalı, Aralıq və Egey dənizlərini keçərək Türkiyənin Hemlik limanına çatdırılıb, buradan isə quru yolu ilə Azərbaycan ərazisinə daşınıb.

Hər bir enerji saxlama sisteminin çəkisi 36 ton təşkil edir. Hazırda avadanlıqların təxminən 15 faizi ölkəyə idxal olunub və layihə çərçivəsində bütün sistemlərin 2026-cı ilin aprel ayınadək tam şəkildə gətirilməsi və quraşdırılması nəzərdə tutulur.
Chosen
3
1
azadmedia.az

2Sources