EN

Xərçəng riskini artıran məhsullar BUNLARDIR

“Rosqosstrax” şirkətinin məlumatına görə, onkoloji sığorta polisleri üzrə müraciətlərin təxminən 10 faizi yoğun bağırsaq xərçəngi ilə bağlıdır.

Redaktor.az xəbər verir ki, bu barədə şirkət "gazeta.ru" nəşrinə məlumat verib.

“Rosqosstrax” mütəxəssisləri Skandinaviya Sağlamlıq Mərkəzi ilə birgə orqanizmə mənfi təsir göstərən və onkoloji xəstəliklərin yaranmasına səbəb ola bilən qida məhsulları və vərdişlərin reytinqini hazırlayıblar.

Reytinqə mikrodalğalı sobada hazırlanan popkorn, energetik içkilər, emal olunmuş ət məhsulları və siqaret çəkmə daxil edilib.

Mütəxəssislərin sözlərinə görə, mikrodalğalı soba üçün nəzərdə tutulan popkornun əsas təhlükəsi qablaşdırmada və dadlandırıcılarda istifadə olunan kimyəvi maddələrlə bağlıdır. Qızdırma zamanı paketlərin daxili qatındakı maddələr dənələrə keçə bilər. Onsuz da sintetik dadvericilərlə örtülmüş bu dənələr orqanizmə daxil olduqda hüceyrə zədələnmələrinə səbəb ola və xərçəng proseslərini tətikləyə bilər. Mütəxəssislər popkornu tavada qapaq altında və ya mikrodalğalı sobada şüşə qabda hazırlamağı tövsiyə edirlər.

Reytinqdə energetik içkilər də yer alıb. Yüksək miqdarda şəkər, kofein və süni stimullaşdırıcılar bu içkilərin ürək-damar və endokrin sistemlərə ciddi yük salmasına səbəb olur. Energetiklərin mütəmadi qəbulu maddələr mübadiləsini pozur, immun sistemi zəiflədir və nəticədə xroniki xəstəliklərin, eləcə də xərçəngin inkişafı üçün əlverişli zəmin yaradır.

Kolbasalar və digər emal olunmuş ət məhsulları da təhlükəli hesab edilir. Bu məhsullara əlavə olunan nitrit və nitratlar onlara cəlbedici rəng verir və saxlanma müddətini uzadır. Lakin bişirmə, qızartma və ya sobada hazırlanma zamanı bu maddələr kanserogen birləşmələrə çevrilir. Mütəxəssislərin qiymətləndirməsinə görə, bu cür məhsulların müntəzəm istehlakı mədə-bağırsaq traktı xərçəngi riskini artırır.

Ayrıca vurğulanan risk faktoru siqaret çəkmədir. Tütün məmulatlarının və veplərin istifadəsi ağciyər xərçənginin inkişafında mühüm rol oynayır.

Mütəxəssislər bildirirlər ki, sağlam həyat tərzi ağır xəstəliklərin, o cümlədən onkoloji xəstəliklərin yaranma riskini əhəmiyyətli dərəcədə azalda bilər. “Rosqosstrax”ın onkoloji sığorta halları üzrə müraciətlərinin 10 faizinin yoğun bağırsaq xərçəngi ilə bağlı olması qidalanmaya diqqət yetirməyin və vaxtında tibbi müayinələrdən keçməyin nə qədər vacib olduğunu göstərir.

Skandinaviya Sağlamlıq Mərkəzinin onkoloqu Sergey İvanov qeyd edib ki, qidalanma xərçəng riskinə təsir göstərən mühüm amillərdən biridir:

“Burada təkcə rasionda hansı məhsulların olmasının deyil, eyni zamanda qidalanma rejiminin, məhsulların emal və saxlanma üsullarının da böyük rolu var”.

Nuriyyə NATİQQIZI

Chosen
109
5
redaktor.az

10Sources