Azərbaycan Dillər Universitetində “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabının təqdimatı keçirilib.
QHT.az xəbər verir ki, Hüquq və İnsan Haqları İnstitutunun yeni nəşri olan “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabının təqdimatı dekabrın 15-də Azərbaycan Dillər Universitetində 39 nəfərdən ibarət müəllim və tələbə heyətinin iştirakı ilə təşkil olunub.
İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev müəllifi olduğu kitabın təqdimatında bildirib ki, əsər torpaqların işğaldan azad olunması ilə bağlı ideyaların reallaşdırılması, prosesin hüquqi əsasları və tarixi-siyasi paralelləri üzrə təhlil olunub. Qeyd edilib ki, Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə apardığı siyasət, strateji yanaşması, öz gücünə arxalanmaq prinsipi və beynəlxalq hüquqa söykənən mövqeyi kitabın əsas mövzularını təşkil edir. Nəşrdə, həmçinin, Azərbaycan rəhbərliyinin ədalətli sülh tələbi və bu tələbin münaqişənin bütün mərhələlərində dəyişməz qalması xüsusi vurğulanır.
Olduqca sistemli şəkildə işlənmiş bu tədqiqat əsəri müəllim və tələbə kollektivinin böyük marağına səbəb olub. Onlar kitabın müzakirəsində xalq–ordu–dövlət birliyi və döyüş bölgələrində yaşayan insanların əzmkarlığından, eləcə də bu əzmkarlığın ölkənin müdafiə qüdrətinin formalaşmasında oynadığı mühüm roldan ətraflı bəhs ediblər.