EN

Kiçik Qafqazın ekogeomorfoloji şəraiti haqqında monoqrafiya nəşrə hazırlanır

Bakı, 15 dekabr, AZƏRTAC

Coğrafiya üzrə fəlsəfə doktoru Samirə Abuşovanın “Kiçik Qafqazın ekogeomorfoloji şəraitinin tədqiqi” adlı monoqrafiyası nəşrə hazırlanır. Kitabın baş redaktoru coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani, Elmi redaktoru coğrafiya elmlər doktoru, dosent Məhəmməd Abduyev, rəyçiləri coğrafiya elmlər doktoru, dosent Yelena Tağıyeva və coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zərnurə Həmidovadır.

AZƏRTAC xəbər verir ki, monoqrafiya Kiçik Qafqazın (Azərbaycan sərhədləri daxilində) geomorfoloji quruluşuna və relyefinin statik-dinamiki amilləri nəzərə alınmaqla ekogeomorfoloji şəraitinin tədqiqinə həsr olunub. Tədqiqat ərazisinin relyefinin morfometrik göstəriciləri (üfüqi və şaquli parçalanma, hipsometriya, meyillik və baxarlılıq), litoloji-petroloji amilləri və dinamiki prosesləri öyrənilib və ekogeomorfoloji qiymətləndirmədə əsas amil kimi götürülüb. Qeyd olunan amillər əsasında ərazinin ekogeomorfoloji rayonlaşdırılması aparılıb.

Monoqrafiyanın ilk fəslində Kiçik Qafqazda aparılmış tədqiqatlar təhlil edilib, geoloji-geomorfoloji quruluşu, faydalı qazıntıları, iqlimi, torpaq-bitki örtüyü haqqında məlumat verilib. Digər fəsillərdə isə ilk dəfə olaraq bütövlükdə Kiçik Qafqazda baş verən dinamiki proseslərin və relyefin morfometrik amillərinin ekogeomorfoloji şəraitə təsiri qiymətləndirilib.

Sonda ilk dəfə olaraq müasir metodların tətbiqi ilə qeyd olunan göstəricilər əsasında Kiçik Qafqaz ərazisində ekogeomorfoloji rayonlaşdırılma aparılıb.

Monoqrafiya geomorfologiya, geologiya, ekogeomorfoloji qiymətləndirmə, landşaftşünaslıq ilə məşğul olan mütəxəssislər üçün, geomorfologiya ixtisası üzrə ali təhsil alan tələbələr (magistrantlar və doktorantlar) üçün nəzərdə tutulub.

Chosen
57
azertag.az

1Sources