EN

“Belə durumda Rusiya şərt diktə edə bilməz!” - Politoloqdan açıqlama

Politoloq Şahin Cəfərli sosial şəbəkə hesabında Ukrayna müharibəsi və mümkün danışıqlar prosesi ilə bağlı fikirlərini bölüşüb.

“Yeni Sabah”ın xəbərinə görə, politoloq  yazıb ki, Berlində ABŞ nümayəndə heyəti ilə dünən keçirilən görüşdə Ukrayna Prezidenti  Donbasdan çıxmaqla bağlı təklifi növbəti dəfə rədd edib və danışıqlar bu gün də davam edəcək:

“Berlində ABŞ nümayəndə heyəti ilə dünənki görüşdə Zelenski Donbasdan çıxmaq barədə təklifi növbəti dəfə rədd edib. Danışıqlar bu gün davam edəcək. ABŞ kəşfiyat strukturlarına etimadı olmayan Tramp və yaxın çevrəsi güman ki, Rusiya təbliğatının təsiri ilə özünü inandırıb ki, Ukrayna uduzur və onsuz da Rusiya həmin əraziləri ələ keçirəcək, ona görə də bəri başdan o torpaqlardan çıxmaq məsləhətdir. Halbuki cəbhədəki vəziyyət və rus ordusunun irəliləyiş tempinə dair rəqəmlər bunun əksini deyir”.

Cəfərli xatırladıb ki, son illər ərzində Rusiya ordusu Donetsk vilayətinin cəmi 23 faizini işğal edib:

“Son 3 il 8 ay ərzində (44 ay və ya 1350 gün) Rusiya ordusu Donetsk vilayətinin 23 faizini işğal edib. Hazırda Ukrayna ordusu Donetskin elə bu qədər hissəsinə – 22,6 faizinə nəzarət edir. Rusiya bu əraziləri də işğal edə bilər, amma bunun üçün vaxt, bir neçə yüz min əsgər itkisi və yüz milyardlarla dollar xərc lazım olacaq. Belə vəziyyətdə olan tərəf masada şərt diktə edə bilməz. 2022-ci ilin martındakı İstanbul danışıqları zamanı Rusiyanın təslimçi sülh şərtləri ortaya qoymasına əsas var idi, çünki rus qoşunları Kiyevin ətrafına qədər gəlmişdi (düzdür, martda hücum artıq tormozlanmışdı və logistikası kəsilən işğalçılar geri çəkilirdi), eyni zamanda rus ordusu Xerson və Nikolayev istiqamətində Dneprin sağ sahilinə keçərək həyati əhəmiyyətli məntəqə olan Odessaya da təhlükə yaradırdı”.

Cəfərli xatırladıb ki, İstanbul danışıqlarından sonra Ukrayna ordusu rus qoşunlarını Kiyev, Çerniqov və Sumı vilayətlərindən çıxarıb, Xerson və Xarkovda isə geniş əraziləri, o cümlədən Xerson şəhərini azad edib:

 “İndi vəziyyət o vaxtkından xeyli yaxşıdır. Məlum olduğu kimi, İstanbulda kapitulyasiyanı rədd etdikdən sonra Ukrayna ordusu rusları həm Kiyev, Çerniqov və Sumı vilayətlərindən qovdu, həm də Xerson və Xarkov vilayətlərində geniş əraziləri, o cümlədən Xerson şəhərini azad etdi. Lakin hələ də "İstanbul danışıqlarında şərtlər daha yaxşı idi və Ukrayna o zaman sülhü rədd etməklə səhv etdi" deyənlər var. Görünür, bu adamlar 2022-ci ildə hərbi əməliyyatların gedişini izləməyib və İstanbulda (ondan öncə Belarusdakı ilk müzakirələrdə) Rusiyanın irəli sürdüyü tələblərdən xəbərsizdir”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Chosen
73
1
yenisabah.az

2Sources