EN

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır

London, 15 dekabr, AZƏRTAC

Böyük Britaniya hökuməti kriptoaktivlərin tənzimlənməsinə 2027-ci ilin oktyabr ayından etibarən başlamağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, yeni qaydalar kripto sənayesinə hüquqi aydınlıq gətirməklə yanaşı, bazardan şübhəli oyunçuların kənarda saxlanılmasını hədəfləyir. Məlumata görə, hökumət bununla bağlı qanun layihəsini parlamentə təqdim etməyə hazırlaşır. Yeni qanun mövcud maliyyə tənzimləmələrinin kriptoaktivlərlə məşğul olan şirkətlərə də şamil olunmasını nəzərdə tutur. Bu yanaşma Böyük Britaniyanın tənzimləmə modelini Avropa İttifaqından daha çox ABŞ-a yaxınlaşdırır. Xatırladaq ki, Avropa İttifaqı kripto bazarı üçün xüsusi hazırlanmış “Kriptoaktivlər bazarı” qaydalarını 2024-cü ildən tətbiq edir.

Maliyyə Nazirliyinin sözçüsü bildirib ki, tənzimləməyə hüquqi əsas verən qanun layihəsinin ilkin versiyası bu ilin əvvəlində dərc olunub və indiyədək sənəddə yalnız cüzi dəyişikliklər edilib. Böyük Britaniya hökuməti rəqəmsal aktivlər sahəsində ən yaxşı tənzimləmə modelinin hazırlanması məqsədilə ABŞ ilə “transatlantik işçi qrupu” çərçivəsində əməkdaşlıq edəcəyini də açıqlayıb.

Maliyyə naziri Reyçel Rivz yeni qaydaların oyunun aydın qaydalarını müəyyən edəcəyini, istehlakçıların müdafiəsini gücləndirəcəyini və bazarda etibarsız iştirakçıların qarşısını alacağını bildirib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

 

Chosen
72
1
azertag.az

2Sources