Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu həbsxanada 300 kitab oxuduğunu dediyi üçün tənqidlərə tuş gələn müğənni Rəqsanə İsmayılovanı müdafiə edib.
Bu barədə Pravda.az-a açıqlama verən Baba Vəziroğlu Rəqsanənin 3 ay ərzində günə 3 kitab oxumasının mümkün olduğunu deyib.
“Niyə oxuya bilmir ki? Mən hələ uşaq olanda orta məktəbdə gündə beş kitab oxuyurdum. Bu, kitabın həcminə baxır. Ola bilər, təkrar oxuyub. Əsas həvəs olmalıdır. Bir gün 24 saatdır. 24 saata 3 yox, lap 13 kitab da oxumaq olar. Əsas mahiyyətdir. Mahiyyət isə budur ki, adam kitab oxuyur. Təəssüf ki, bu gün cəmiyyətimizdə kitab oxuyan adam çox azdır, nadir hallarda rast gəlinir. Hətta akademiklərimiz belə daha kitab oxumurlar. Deyirlər ki, artıq akademik olmuşuq, nə edirik kitabı... Kitab məsələsi yaralı nöqtəmdir. Kitab oxumadan insan olmaq mümkün deyil. İnsanı ucaldan, onu cəmiyyətə faydalı edə biləcək yeganə dost, vasitə kitabdır. Mən də sosial şəbəkələrdə aktivəm, hamısında varam, amma kitabın əvəzini heç nə vermir. Son vaxtlar oxunası kitablar da azdır. Mən təkrar oxuduğum kitaba qayıdıram. Buna görə də Rəqsanə xanımın həvəsini, kitabla münasibətini çox bəyənirəm. Üstəlik, bu, yeni fakt deyil. Əli İnsanov həbsxanada özü şeirlər kitabı yazdı. Rəqsanə isə deyir ki, hələ kitabı işıq üzü görəcək. Bir çox icra başçıları var, Allah qapılarını açsın, həbsxanada "Quran"la tanış oldular, namaza başladılar. Həbsxnalara "islah, əmək müəssisəsi" deyirlər. Görünür, bu müəssisə öz adını, nəhayət, doğrultmağa başladı. Deməli, insanları islah edir, əməyə bağlayır. Kitab oxumaq da bir əməkdir. Buna görə də Rəqsanə xanımı alqışlayıram. Arzu edirəm ki, kitabları bir daha məhbəsdə yox, öz evində, balalarının yanında oxusun. Çağırış edirəm ki, heç kimə kitabları həbsdə oxumaq nəsib olmasın. Azad həyatınızda kitab oxuyun ki, həbsxanaya düşməyəsiniz. Allahın izni ilə, kitab oxuyanlar həbsə düşməzlər”, - o bildirib.
Aytəkin Qardaşova