
Qlobal enerji bazarlarında müşahidə olunan mövcud vəziyyət və aparıcı iqtisadi qurumların açıqlamaları neft qiymətləri ilə bağlı gələn ilə dair ehtiyatlı və daha çox pessimist gözləntilər formalaşdırır. Son aylarda dünya iqtisadiyyatında artım tempinin zəifləməsi, enerji bazarında təklifin artması və siyasi qərarların təsiri neftin qiymətinə birbaşa təsir edən əsas faktorlar kimi ön plana çıxır. Məhz bu amillər fonunda beynəlxalq analitik mərkəzlər və iri investisiya şirkətləri neft bazarı ilə bağlı proqnozlarını yenidən nəzərdən keçirirlər.
Bu barədə iqtisadçı Natiq Cəfərli Missiya.Az-a açıqlmasında deyib ki, mövcud proqnozlara əsasən, əgər qlobal miqyasda ciddi geosiyasi toqquşmalar, müharibə risklərinin artması və ya bazarda kəskin dəyişikliklərə səbəb ola biləcək fövqəladə proseslər baş verməzsə, gələn il neftin bir barelinin qiymətinin 50–55 dollar səviyyəsinə qədər ucuzlaşması ehtimalı yüksək qiymətləndirilir. Bu isə hazırkı qiymətlərlə müqayisədə kifayət qədər ciddi azalma deməkdir.
Onun sözlərinə görə, neft qiymətlərinin enməsi ilə bağlı gözləntilərin formalaşmasına təsir edən əsas amillər sırasında qlobal iqtisadi artımın zəifləməsi, xüsusilə iri sənaye ölkələrində enerji tələbatının azalması mühüm rol oynayır. Bununla yanaşı, OPEC+ ölkələrinin hasilat siyasəti, ABŞ-də şist nefti istehsalının artması və enerji bazarında təklifin tələbi üstələməsi də qiymətlərə aşağı yönlü təzyiq göstərir.
Natiq Cəfərli bildirib ki, Amerika Birləşmiş Ştatlarının enerji və iqtisadi siyasəti də neftin qiymətinin aşağı salınmasına yönəlmiş addımları özündə ehtiva edir. ABŞ-nin inflyasiya ilə mübarizə çərçivəsində enerji qiymətlərinin sabit və nisbətən ucuz qalmasında maraqlı olması qlobal bazara birbaşa təsir göstərən faktorlar sırasındadır.
"Bütün bu amilləri nəzərə alaraq, gələn il neftin orta qiymətinin cari illə müqayisədə daha ucuz olması ehtimalı olduqca yüksək qiymətləndirilir. Bu isə neft ixrac edən ölkələrə, o cümlədən Azərbaycana ciddi mənfi təsir göstərə bilər. Çünki neft gəlirlərinin azalması neftdən asılı olan ölkələrin iqtisadiyyatında makroiqtisadi göstəricilərin zəifləməsinə, büdcə gəlirlərində azalmaya, bazarlarda dalğalanmalara və ümumi iqtisadi gözləntilərin mənfi istiqamətdə formalaşmasına səbəb ola bilər",-N.Cəfərli əlavə edib.
İlahə Qənbərli
Missiya.Az