EN

Doqquz ayda cari əməliyyatlar balansında 3 milyard dollar həcmində profisit formalaşıb

Bakı, 15 dekabr, AZƏRTAC

2025-ci ilin 9 ayında tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin dəyişkənliyindən təsirlənib. Bu dövrdə cari əməliyyatlar balansında (CƏB) 3 milyard dollar həcmində profisit formalaşıb, kapital və maliyyənin hərəkəti balansı üzrə xalis xarici maliyyə aktivləri 4,5 milyard dollar, xalis maliyyə öhdəlikləri isə 0,4 milyard dollar artıb.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, hesabat dövründə cari əməliyyatlar balansının profisitinin ÜDM-ə nisbəti 5,4 faiz təşkil edib və bu, makroiqtisadi sabitlik baxımından müsbət haldır. Dövr ərzində ölkənin ehtiyat aktivlərinin reallaşmış hissəsi təqribən 1,1 milyard dollar azalıb. Lakin ölkənin strateji valyuta aktivləri dövrün sonuna 10,5 milyard dollar artaraq 81,5 milyard dollara çatıb ki, bu da ölkənin makroiqtisadi dayanıqlılığının daha da gücləndiyini göstərir. Bu dövrdə xam neftin orta qiyməti 70,1 dollar/barel olub.

2025-ci ilin 9 ayı üzrə cari əməliyyatlar hesabının profisiti 3 milyard dollar və ya ÜDM-in 5,4 faizini təşkil edib (2024-cü ilin 9 ayı üzrə 4 milyard dollar profisit olub). Neft-qaz sektoru üzrə CƏB-in profisiti ötən ilin müvafiq dövrünə nəzərən 3,7 faiz daralaraq 10,7 milyard dollar, qeyri-neft-qaz sektoru üzrə CƏB-in kəsiri isə 7,5 faiz artaraq 7,7 milyard dollar məbləğində olub.

 

Chosen
64
1
azertag.az

2Sources