EN

“Locco” kimi mahnıların trendə çevrilməsi təsadüfi deyil – AÇIQLAMA

Azərbaycanlı rejissor, filologiya elmləri üzrə fəlsəfə doktoru, aktyor Nofəl Şahlaroğlu insanların böyük əksəriyyətinin son zamanlarda populyar, trend və təbliğ etdiyi “Locco” mahnısının söyüş və insan əxlaqına, mənəviyyatına zidd olan sözlərdən ibarət olduğunu, insanların mahnının mənasını bilmədən ifadə etdiklərini bildirib.

 

Bəs insanlar arasında sürətlə yayılan bu növ mahnılar cəmiyyətə necə təsir göstərir?

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən yazıçı-kulturoloq Aydın Xan Əbilovun sözlərinə görə, istər dünyada istərsə də Azərbaycanda hər zaman xalq, pop musiqisinin sözləri, mətnləri ilə bağlı çoxlu mübahisələr olub:

Aydın

“Hər yeni nəsil sənətimizə daxil olan zaman daha yeni, modern formada özünü təsdiq etmək istəyir. Bu zaman onlar əvvəlki nəslin etmədiyini edir. Həm janr, həm format baxımından dəyişikliklərə hətta radikal, liberal, estetik texnologiyalara, dünyada dəbə düşmüş, qəbul edilmiş bir çox formalara müraciət etməyə başlayırlar. Düşünürəm yenilikləri, fərqlilikləri analiz edərək, sənətşünaslar, pop musiqi araşdırıcıları tərəfdən bir çox qiymətləndirmədən sonra hansısa bir yeni nəsil  nümayəndəsinin musiqiyə, sənətə gətirdiyi  yeniliklərlə bağlı fikir söyləmək olar. Əlbəttə, musiqi, mahnı mətnləri, insanlara xüsusilə də yeni nəslin nümayəndələrinə, yeniyetmə və uşaqlara daha tez çatır, daha tez təsir edir. Nəzərə çatdırım ki, bəzi mahnıların mətnlərində kobud ifadələrdən, mənası anlaşılmayan ifadələrdən istifadə edilir. İstifadə edilən bu mahnılar və onların sözləri, bəzən Azərbaycan dilinə belə təsir göstərə bilir. Müəyyən zaman çərçivəsində müəyyən bölgələrdə və ya respublika ərazisində sözlər, onların ifadə etdiyi mənalar populyarlaşır. Xüsusilə Amerika və Kanadada çox sərt, söyüşlərlə müşahidə edilən mahnıların ifasına şahid oluruq. Hətta bu mahnıların çoxu dünya trendinə düşür. İngilis dilində səslənən bu mahnılar daha çox Latın Amerikası, Afrika ritmləri sədaları altında olur və onların da alternativ klipləri, mətnləri yaradılır”.

 

Kulturoloq söyüşlə ifadə edilərək hazırlanan mahnıların ədəbi dilin normalarına uyğun yazılan və səslənən mahnılardan daha tez dəbə düşdüyünü qeyd edib: “Bu dünyanın hər yerində belədir o cümlədən də Azərbaycanda. Yeniyetmə və gənclərə, uşaqlara ünvanlanan mahnılarda yaxşı olar ki, dilin qaydaları eyni zamanda bizim xalqa məxsus olan adət-ənənələrə uyğun gələn mətnlərdən və üslublardan istifadə edilsin. Kimsə digər variantda qurmaq istəyirsə alternativ variantda müxtəlif formalar tapmaqla yanaşı, 8+ tutmuş 18+ qədər olan elə yerlərdə yayımlanmalıdır ki, orada xüsusi göstəriş verilməlidir ki, müəyyən yaş kateqoriyalı insanlar üçün ünvanlanıb. O insanların da bu mahnılardan yararlanması üçün icazəsi olmalıdır. Əks təqdirdə kim nə istəyərsə yazar, oxuyar. Bu da mədəniyyətimizə, mənəviyyatımıza, musiqimizə, mahnı mətnlərimizə mənfi təsir göstərər, eyni zamanda yeni nəslin mənəviyyatını poza bilər. Əvvəllər bədii şuralar olardı və onlar musiqi və mahnı mətnlərinin televiziyalara mütləq senzur və redaktədən  keçmiş variantını yayımlayardı. Buna uyğun bədii şuraların funksiyasını qəbul etmək lazımdır ki, ümumi respublika masştabında mahnılar səslənən zaman onlarda qadağanedici və ya tövsiyəedici hansısa bir senzurluq olsun.  Valideynlər və uşaqlara gəldikdə isə uşaqlar onsuzda valideynlərinin sözünə qulaq asmır, yeniyetmə və uşaqlar çalışırlar fərqli olsunlar, özlərini sübut etməyə çalışırlar və onlara da təqdim edilən istənilən mətni musiqini tez qəbul edirlər və çalışırlar ki, öz smartfonlarında  hətta boş vaxtlarında mahnı oxuduqları zaman öz dillərində də onlardan istifadə etsinlər. Bunun  qarşısını almaq üçün orta məktəbdə musiqi dərslərinin keyfiyyətini artırmaq lazımdır. Hər bir telekanalın qarşısında məqsəd qoymaq lazımdır ki, müəyyən faiz Azərbaycan dili bilgiləri, mənəvi dəyərləri və musiqini təbliğ edən proqramlara yer verilsin. Eyni zamanda sosial şəbəkələrdə, Azərbaycan dilli internet resurslarında da bunu tətbiq etmək lazımdır. Əks təqdirdə müəyyən qadağalar, cərimələrlə o tipli mahnı, mətnləri yazan və oxuyan şəxslər cəzalanmalıdırlar”.

 

Psixoloq Zeynəb Eyyubova son dövrlərdə məzmununda kobud ifadələr, aqressiya və ya təhqiramiz sözlər olan mahnıların tez yayılması, xüsusən sosial şəbəkələrdə sürətlə trendə çevrilməsinin təsadüfi olmadığını qeyd edib:

“Belə mahnılar emosional təsir gücünə, ritminin cəlbediciliyinə və təkrar olunmağa uyğun sadə quruluşa malik olduğuna görə həm böyüklər, həm də uşaqlar tərəfindən tez mənimsənilir. Bu cür musiqilərin həyatımıza təsiri ilk növbədə davranış və münasibətlərdə özünü göstərə bilər. Kobud ifadələri tez-tez eşidən və onları normallaşdıran insanlar zamanla aqressiyanı adi hal kimi qəbul edə, ünsiyyətdə sərtliyə meyl göstərə bilərlər. Azyaşlılar üçün isə bu, daha həssas məsələdir. Onlarda dil inkişafı, emosional tənzimləmə və sosial davranış hələ formalaşdığı üçün eşitdiklərini çox vaxt süzgəcdən keçirmədən təkrarlayırlar. Nəticədə, anlamadıqları sözləri davranışlarına və özünüifadələrinə gətirmək riski yaranır. Bu isə həm sosial mühitdə çətinliklərə, həm də özlərini ifadə etməkdə yanlış modellərə səbəb ola bilər. Bu mahnıların bu qədər tez yayılmasının səbəblərindən biri də kütləyə qoşulmaq, dəbdə olanı etmək və qəbul olunmaq istəyi ilə bağlıdır. İnsan beyni avtomatik şəkildə tez-tez eşitdiyi ritmlərə və ifadələrə uyğunlaşır”.

 

Psixoloq onu da əlavə edib ki, sosial şəbəkələrdə trend olan hər hansı bir mahnı kütlə tərəfindən davamlı təkrarlandıqda, insanlar da məzmununu anlamasalar belə, ona qoşulmağa meylli olurlar: "Bu, həm sosial təsirin gücü, həm də “kənarda qalmamaq” istəyindən irəli gələn psixoloji mexanizmdir. Belə hallarda vacib olan qadağa qoymaqdan çox, maarifləndirməkdir. Uşaqlara və yeniyetmələrə eşitdikləri sözlərin mənası, təsiri və uyğun olmayan məzmunun nəticələri sadə və anlaşılan dillə izah edilməlidir. Eyni zamanda valideynlər və böyüklər öz davranışları ilə nümunə göstərdikdə uşaqlar daha sağlam seçimlər etməyə meylli olurlar. Ümumilikdə isə media savadlılığının artırılması, emosional tənzimləmə bacarıqlarının inkişaf etdirilməsi və sağlam musiqi zövqünün formalaşdırılması bu tip təsirlərin qarşısını alan ən effektiv yanaşmalardır".

 

Şəhanə Quliyeva

Tarix: 15 Dekabr 2025, 12:30   
Chosen
69
pravda.az

1Sources