Məlumdur ki, 2025-ci ildə dünyada qeydə alınan yanğın hadisələrinin sayı əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb.
NOCOMMET.az xəbər verir ki, bu göstərici Azərbaycandan da yan keçməyib.
Məsələn, hələ iyul ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi elan etdi ki, 2025-ci ilin ötən dövrü ərzində meşə və təbiət ərazilərinə yaxın sahələrdə 83 yanğın hadisəsi baş verib ki, bunun da 15-i sonradan meşə torpaqlarına, 2-si isə xüsusi mühafizə olunan təbiət ərazilərinə keçib.
Yanğınlar insan həyatına təhdiddir
Hələ bu ilin avqust ayında Fövqəladə Hallar Nazirliyi ölkədə həmin günə qədər baş vermiş yanğın hadisələri ilə bağlı faktları açıqlamışdı.
Bildirilirdi ki, Azərbaycanda 2025-ci ilin birinci yarımilində baş verən yanğınlar zamanı 27 nəfər ölüb.
Amma sentyabr ayındakı açıqlama təbii ki, hamımızı üzdü. Beləki, 2025-ci ilin I yarımili ərzində respublika üzrə ümumilikdə 9 294 yanğın və texnogen mənşəli hadisə qeydə alınıb ki, bunun da nəticəsində 36 nəfərin ölümü, 132 nəfərin isə xəsarətlər alması qeydə alınıb.
Noyabr ayında baş verən yanğınlarla bağlı ümumi xəbərə rast gəlmədiyimiz üçün onu da özümüz araşdırdıq: 11 noyabr məlumatlarında xəbər verilir ki, Bakının Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasındakı mənzildə baş verən yanğın nəticəsində bir nəfər ölüb.
14 noyabrda “Azərsilah” Müdafiə Sənayesi Holdinqi QSC-nin strukturuna daxil olan “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodunda baş verən partlayış nəticəsində Adil Balaş oğlu İsmayılov həlak oldu.
21 noyabr 2025-ci ildə Bakının Yasamal rayonunda, M. Seyidov küçəsində yaşayış binasında baş vermiş yanğında üç nəfər tüstüdən boğularaq ölüb, 27 nəfər (təcili yardım vasitəsilə) zəhərlənib.
Bu hadisədən cəmi 15 gün sonra dekabr ayının 5-də Lökbatanda 2-si uşaq olmaqla 4 nəfərin ölümü ilə nəticələnən yanğın baş verdi.
FHN-ın bugünkü məlumatında isə deyilir ki, təkcə Azərbaycanda ötən həftə ərzində 115 yanğına çıxış və 2 partlayış baş verib:”Ötən həftə ərzində 5-i azyaşlı olmaqla 29 nəfər xilas edilib, 20 nəfər təxliyə olunub, 6 nəfər xəsarət alıb, əməliyyatlar zamanı 3 nəfərin meyiti təhvil verilib”.
Beləliklə, təxmini hesablamalarımıza görə, bu il yanğında ölənlərin sayı ötənilkindən daha çox olub. Yəni, ölkədə yanğın hadisələri durmadan artır.
Xatırladaq ki, 2023-cü il ərzində respublika ərazisində 1907 yanğın hadisəsi olub. Hadisələr zamanı 40 nəfər həlak olub, 169 nəfər xəsarət alıb.
2024-cü ilin hesabatında isə 1649 yanğın hadisəsində 40 nəfər həlak olub, 210 nəfər xəsarət alıb. Ən açınacaqlısı da odur ki, 2022-ci ilin 9 ayında isə 42 nəfər yanğınlarda həyatını itirib.
Rəsmilərin bildirdiyinə görə, yanğınların baş vermə səbəbi əsasən yanğın təhlükəsizliyi qaydalarının pozulmasıdır.
Əntiqə Rəşid