“Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyinin sədri Aytən Həsənova QHT.az-a açıqlamasında bildirib ki, 2025-ci il vətəndaş cəmiyyəti üçün olduqca uğurlu illərdən biri kimi qiymətləndirilə bilər.
Onun sözlərinə görə, ilin əsas xüsusiyyətlərindən biri beynəlxalq əlaqələrin güclənməsi, vətəndaş cəmiyyəti institutlarının birgə layihələrinin artması olub. Aytən Həsənova xüsusilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Özbəkistanın vətəndaş cəmiyyəti institutları ilə birgə, institusional formatda keçirdiyi tədbirləri 2025-ci ilin ən uğurlu təşəbbüsləri sırasında qeyd edib:
"2025-ci il ərzində bizim təşkilatımız bir çox layihələr icra etdi və bu layihələri, layihələr içində ən yadda qalan layihələrimizdən biri Azərbaycan və Özbəkistanın mədəni irsi layihəsi idi. Hansı ki, həmin forumdan sonra Səmərqənd şəhər mediyası ilə biz memorandum imzaladıq və gələcəkdə görülən işlər haqqında müzakirə olundu".
Aytən Həsənovanın sözlərinə görə, ümumilikdə Özbəkistanla vətəndaş cəmiyyəti səviyyəsində əməkdaşlıq daha da güclənib. Forum Özbəkistanda fəaliyyət göstərən Qızlar və Qadınlar Assosiasiyası ilə birgə təşkil olunub və bu assosiasiyanın Azərbaycanda da layihələr həyata keçirməsi ilə bağlı fikir mübadiləsi aparılıb:
"Məhz mədəni irs sahəsində yenilikləri ölkəmizə faydalı olan sahələrin əlbəttə ki, Azərbaycana gətirilməsi 2026-cı ildə bizim ən öndə gedən məqsədlərimizdən biridir və artıq biz danışıqlara başlamışıq. Bu prosesə başlanılıb. İnşallah 2026-cı ildə beş layihə gözlənilir. Bizim təşkilatımız tərəfindən bunu inşallah yəqin ki, artıq mart ayında açıqlayacağıq."