İtaliyanın Baş naziri Corca Meloni ABŞ Prezidenti Donald Trampın yeni milli təhlükəsizlik strategiyasını Avropa üçün “həyəcan siqnalı” adlandırıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Bloomberg nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Meloni hökumət daxilindəki gərginliyin əhəmiyyətini azaltmağa çalışıb və İtaliyanın Ukraynaya dəstəyinin davam edəcəyini bir daha təsdiqləyib.
“Biz İtaliyanın tərəfdaşlarına sadiq olmasını, lakin heç kimə tabe olmamasını istəyirik. Məhz buna görə ilk gündən Ukraynanı dəstəkləmişik və məhz buna görə bu dəstəyi davam etdirəcəyik – ədalət naminə, lakin hər şeydən əvvəl milli maraqlarımızı və təhlükəsizliyimizi qorumaq üçün”, – deyə Meloni Romada keçirilən partiya tədbirində çıxışı zamanı bildirib.
Baş nazir vurğulayıb ki, Avropa liderlərini narahat edən Trampın strategiyası Vaşinqtonun qitədən tədricən geri çəkilmək niyyətini və Avropanı öz müdafiəsini gücləndirməyə məcbur etmək istəyini açıq şəkildə ortaya qoyur.
Bloomberg xatırladıb ki, ötən həftə Donald Tramp Avropa İttifaqının siyasətini Avropanı “sivilizasiya məhvinə” sürükləməkdə ittiham edib. ABŞ Prezidenti bu siyasətin qitədə “müqavimət” yarada biləcəyini bildirib və Avropa ölkələrinin gələcəkdə NATO üçün arzuolunan müttəfiq olaraq qalacaqlarını da sual altına alıb.
“Donald Tramp əvvəlkilərdən daha açıq şəkildə bəyan edib ki, ABŞ köhnə qitədən geri çəkilmək niyyətindədir və avropalılar özlərini müdafiə etmək üçün təşkilatlanmalıdırlar. Mənim deyə biləcəyim tək şey budur: ‘Sabahın xeyir, Avropa. Sabahın xeyir’”, – deyə Meloni qeyd edib.
İtaliya Baş naziri əlavə edib ki, Avropa özünü aciz kimi təqdim etməklə barışmamalıdır.
“Avropa elə bir canlı sivilizasiyadır ki, onu idarə edən institutlardan belə mövcud olmaq üçün icazə istəmir. Azadlığın öz qiyməti var”, – deyə Meloni vurğulayıb.
Nəşrin qeyd etdiyinə görə, 2027-ci ildə ümumi seçkilərdə iştirak etməli olan Meloni Ukraynaya yardım məsələsi ilə bağlı fikir ayrılıqlarına baxmayaraq, koalisiyanın vahid olaraq qaldığını da bildirib.
Qeyd edək ki, bundan əvvəl media Tramp administrasiyasının siyasətini tənqid edərək, yeni ABŞ milli təhlükəsizlik strategiyasının ümumilikdə anti-Avropa və Rusiyaya daha yaxın mövqe sərgilədiyini yazmışdı. ABŞ rəsmiləri isə bu iddiaları təkzib ediblər.