EN

“Tədqiqatlarımızı 2026-cı ildə də davam etdirməyi düşünürük” - QHT sədri

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli bildirib ki, təşkilat 2025-ci ildə də əsas fəaliyyət istiqaməti olan elmi-tədqiqat işlərini uğurla davam etdirib və bu missiyanı 2026-cı ildə də genişləndirməyi planlaşdırır.

Onun sözlərinə görə, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi tədqiqat yönümlü fəaliyyət göstərir və 2025-ci ildə aparılan araşdırmaların nəticəsi olaraq “Qəhrəmanlıq tariximiz nəsillərə örnəkdir” adlı kitab nəşr olunub:

"Araşdırmalarımızın nəticəsində Şəhidlərimizə həsr olunan “Qəhrəmanlıq tariximiz nəsillərə örnəkdir” kitabı Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin layihəsi çərçivəsində nəşr olunub. Kitabda İkinci Qarabağ savaşının əfsanəvi döyüşçülərinin həyat yoluna və döyüş anlarına nəzər saldıq, qaliblərin xatirəsini əbədiləşdirmək, şəhidlərimizin həyat hekayətini yazmaqla çox uğurlu layihəni yekunlaşdırdıq. Belə müqəddəs missiyanı yerinə yetirmək ilahi həqiqətə inamdan, milli dəyərlərimizə sadiqlikdən irəli gəlirdi. Müxtəlif vaxtlarda şəhid ailələrini ziyarət etdikdən sonra müsbət enerji ilə geri dönürdük. Hər zaman düşünürük, bu ailələrin arasında mənəvi, ruhani bağlılıq var. II Qarabağ müharibəsi, xalqımızın haqq savaşı bir çox həqiqətləri bir daha təsdiqlədi. Ali Baş Komandanın başçılığı, Ordumuzun rəşadəti nəticəsində qazanılan bu tarixi qələbə 44 günlük müharibənin həqiqət anıdır. Bizim missiyamız bu, həqiqət anında qəhrəmanlarımızı bədii-fəlsəfi yanaşma ilə geniş auditoriyaya tanıtmaq olub".

QHT sədri vurğulayıb ki, bizim media, QHT təmsilçisi olaraq digər fəaliyyət istiqamətimiz Azərbaycanın reprerssiya tarixini tədqiq etmək olub:

"Son 4 ildə aparılmış araşdırmaların nəticəsi olaraq “Sükuta dalmış həqiqətlər: Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” adlı kitabın I hissəsi 2024-cü ildə çap olunub. Bu sahədə tədqiqatlarımızı 2026-cı ildə də davam etdirməyi düşünürük".

 

Pərvanə Fərhadqızı

Chosen
80
qht.az

1Sources