EN

ABŞ-da Braun Universitetində atışma törədən şəxs saxlanılıb

ABŞ-ın Rod-Aylend ştatının Providens şəhərində yerləşən Braun Universitetində baş verən atışma ilə əlaqədar şübhəli bilinən şəxs saxlanılıb.

Editor.az-ın Reuters-ə istinadən verdiyi məlumata görə, Qərb mediası saxlanılan şəxsin Viskonsin ştatından olan 24 yaşlı ABŞ ordusu veteranı Benjamin Erickson olduğunu müəyyən edib.

Hərbi rəsmilər jurnalistlərə bildiriblər ki, Benjamin W. Erickson 2021-ci ilin may ayından 2024-cü ilin noyabr ayına qədər ABŞ ordusunda piyada əsgəri kimi xidmət edib və ordudan mütəxəssis rütbəsi ilə tərxis olunub. Onun heç vaxt döyüş zonasına göndərilmədiyi qeyd olunur. Bununla belə, mənbələr Ericksonun universitetdəki atışma ilə bağlı saxlanılan şəxs olub-olmadığını rəsmi şəkildə təsdiqləməyiblər.

Providens Polis İdarəsinin rəisi Oskar Perez mətbuat konfransında saxlanılan şəxsin təxminən 20 yaşında olduğunu bildirib, lakin əlavə detalları açıqlamaqdan imtina edib.

Qeyd edək ki, atışma 13 dekabr tarixində təhsil müəssisəsində baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, doqquz nəfər yaralanıb. Qurbanların əksəriyyəti universitet tələbələridir. Jurnalistlərin məlumatına görə, yaralılardan yeddisinin vəziyyəti ağırdır. Hücumçu hadisədən sonra qaçmağa müvəffəq olsa da, daha sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

//Gülnarə Abasova, Editor.az

Chosen
66
editor.az

1Sources