EN

Vətən müharibəsi şəhidi Baş leytenant Vüsal Kazımovun xatirəsinə həsr olunmuş boks turniri keçirildi

Vətən müharibəsi şəhidi Baş leytenant Vüsal Kazımovun xatirəsinə həsr olunmuş boks idman növü üzrə ənənəvi V Lənkəran - Astara region turniri keçirilib.

"Yeni Sabah" xəbər verir ki, 13-14 dekabr tarixlərində Lənkəran rayon Cənub Regional Boks Mərkəzində Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin və  Azərbaycan Boks Federasiyasının birgə təşkilatçılığı ilə Vətən müharibəsinin şəhidi Baş leytenant Vüsal Kazımovun xatirəsinə həsr olunan boks idman növü üzrə ənənəvi V Lənkəran - Astara region turniri keçirilib.

Yarışın açılış mərasimində Dövlət Himni səsləndirilib və şəhidlərimizin əbədi yaşar xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Vətən müharibəsinin şəhidi baş leytenant Vüsal Kazımovun atası professor Kamran Kazımov və Azərbaycan Boks Federasiyasının nümayəndəsi beynəlxalq dərəcəli hakim Anar Nağıyev şəhidlərimizin keçdiyi döyüş yolu və göstərdikləri qəhrəmanlıqların gənc nəsil üçün nümunə olduğunu, dövlətimizin başçısı cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərin adının əbədiləşdirilməsi, onların xatirəsinin əziz tutulması və şəhid ailələrinə olan diqqət və qayğısından danışıblar. 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində parlaq qələbə çalaraq tarixi zəfərə imza atan, Torpağı Vətən edən şəhidlərimizin xatirəsini uca tutmaq, onları daima yad etmək hər bir vətəndaşımızın borcu olduğunu bildirərək, yarışda iştirak edən idmançılara uğurlar arzulayıblar.

Baş hakim Nazim Qulamov yarışa start verib, Lənkəran, Astara, Masallı və Cəlilabad  rayonlarından olan 48 idmançı müxtəlif çəki dərəcələrində mübarizə aparıblar. Yer tutmuş idmançılar diplom və medallarla təltif ediliblər.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Vüsal Kamran oğlu Kazımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən  ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə  görə" ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" medalları ilə təltif edilib.

Vüsal Kazımov Vətən müharibəsinə yollananda yeni doğulan Aynurun indi  5 yaşı var, böyük qızı Nuray isə 11 yaşındadır.

Allah şəhidlərimizə rəhmət eləsin.

Qeyd edək ki, Lənkəran Dövlət Universitetinin məzunu olan Vüsal Kazımov şəhidlik zirvəsinə ucaldığı günədək Lənkəran şəhər Uşaq-Gənclər İdman Məktəbinin direktoru vəzifəsində çalışıb.


Telegram kanalımız
Chosen
92
6
yenisabah.az

7Sources