Stokholm, 14 dekabr, Nərgiz Cəfərli, AZƏRTAC
Danimarkanın Orhus şəhərinin iki sakini Maqne Steenberq Nilsen və Filip Vimmer Qross məhdud müddətdə ən çox geriyə salto üzrə dünya rekordu qırıblar.
AZƏRTAC xəbər verir ki, Maqne 12 saat 27 dəqiqə ərzində 1820 geriyə salto edərək əvvəlki rekordu üstələyib, Filip isə 12 saatlıq kateqoriyada rekord qırıb.
Həddindən artıq fiziki yük şiddətli əzələ ağrısına səbəb olub, lakin hər iki idmançı nəticəni uğurlu hesab edir. Rekord cəhdi təkcə idman deyil, həm də xeyriyyə məqsədi daşıyıb. Bu, 2025-ci ilin mart ayında saxtakarlıq sxeminin qurbanı olan və bir milyondan çox kron itirən Lystrup IF Gymnastik & Fitness yerli idman klubu üçün vəsait toplamaq məqsədilə təşkil edilib.
Vəsait ianələr və sponsorluq haqları hesabına hər bir salto üçün toplanıb. Rekord nəzərdən keçirilmək üçün “Ginnes”ə təqdim edilib və iştirakçılar əmindirlər ki, bütün tələblər yerinə yetirilib.