EN

TURİZM DAŞDAN YOX, HEKAYƏDƏN BAŞLAYIR

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Şəmil SADİQ

Hər dəfə xarici ölkələrə səfər edəndə, bir şəhərin turistlərlə necə “danışdığını” görəndə istər-istəməz eyni sual beynimdə dolaşır: niyə bizdə turizm bu qədər zəifdir?

Bu sual təkcə xarici turistlərlə bağlı deyil, elə yerli turistlər üçün də keçərlidir. Bizim üçün “gəzmək” çox vaxt Şamaxıya gedib bir quzunu aşırmaqdan, bir şəkil çəkdirib qayıtmaqdan ibarət olur. Şəhərlərimizdən xatirə yox, sadəcə yol yorğunluğu ilə dönürük.

Bir az dərindən düşünəndə anlayıram ki, problem nə təbiətdədir, nə də tarixdə. Biz hekayə yaratmağı və onu təqdim etməyi öyrənməmişik. Hekayə olmayan yerdə isə turizm olmur.

Xaricə gedənlər yaxşı bilir: bəzən elə dəyərsiz görünən bir daş, adi bir ağac, ya da kiçik bir küçə elə mifikləşdirilir ki, sanki bir azdan möcüzə baş verəcək. Sonra yaxından baxırsan və anlayırsan ki, ortada möcüzə yox, “yaxşı danışılmış hekayə” var. İnsanları cəlb edən məhz budur.

Məsələn, Londonda “Baker Street 221B”. Şerlok Holms tarixi şəxsiyyət deyil. Heç vaxt yaşamayıb. Amma onun “evi” hər gün turistlə doludur. İnsanlar bilet alır, şəkil çəkdirir, xəyali bir detektivin kreslosuna oturub xoşbəxt olurlar.

Veronada “Cülyettanın eyvanı”. Şekspirin uydurduğu bir obraz. Amma minlərlə insan o eyvanın altında sevgi məktubu yazır, divara ürək şəkli yapışdırır. Parisdə Sena sahilində “Aşiqlərin körpüsü”, Brüsseldə balaca bir uşaq heykəli - “Manneken Pis” - bir şəhərin simvoluna çevrilib. Bunların heç biri “möhtəşəm tarix” deyil, amma “yaxşı qurulmuş mifologiyadır”.

Bizdə isə hekayələr hazırdır, hekayə uydurmalı deyilik.

Məsələn, Bakıda “Qoşa Qala qapısının” qarşısında Hüseynqulu xanın Sisianovla qarşılaşmasını xatırladan kiçik, amma simvolik bir abstrakt heykəl təsəvvür edin. Yanında qısa bir mətn: “Bu qapıdan işğalçı girmədi.” Eyni konsepti Gəncədə də tətbiq etmək olar.

“Səadət Sarayı”, “İsmailiyyə binası”, “Hüsü Hacıyev küçəsi” - bunların hər biri daşdan çox taledir. Dəniz kənarında, səssiz bir yerdə sadəcə “bir cüt ayaqqabı heykəli” qoyub, repressiya qurbanlarının, Mikayıl Müşfiqin yarımçıq qalmış həyatını danışmaq olar. Sözsüz, amma təsirli.

“Neft Daşları” - dünyanın ortasında qurulmuş şəhər. Onun kiçik bir hissəsini turizmə açmaq, qonaqlara neftin necə çıxarıldığını göstərmək, toxunmaq imkanı yaratmaq olar. Bəli, bu bahalı ola bilər. Amma məhz buna görə dəyərlidir.

“Nobel burada kofe içib…”

Bakı bir vaxtlar dünya ədəbiyyatının və siyasətinin səssiz şahidi olub. Bunu niyə göstərməyək?

“Nobel burada kofe içib” deyilən bir kafe,

Yeseninin yemək yediyi masa,

Knut Hamsunun oturduğu skamyə,

İvo Andriçin pivə içdiyi məkan,

Stalinin yaşadığı ev…

Hətta istəsək, zarafatla “Dronqonun evi” kimi tam mifik bir muzey-kafe də yarada bilərik. Turist üçün əsas olan tarixi dəqiqlikdən çox emosional bağdır.

Unutmayaq ki, turizm bizneslə mədəniyyətin qovuşduğu yerdir.

Mən Bakılı deyiləm, amma kənardan baxanda görürəm ki, bu şəhər hekayə baxımından tükənməzdir. Sadəcə konseptual düşünmək, planlı şəkildə işləmək və cəsarət lazımdır.

Sadaladıqca bitməz. Bəlkə bir gün bu hekayələrin ayrıca bir toplusunu da hazırladım. Hətta indi elə bu yazı ilə başlayaq. Siz də əlavə edin. Kim bilir, bəlkə də bu yazı bizdə turizmin daşdan yox, hekayədən başladığı bir dövrün kiçik başlanğıcı oldu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
44
azpolitika.info

1Sources