Yaşadığımız acılı-şirinli ömrümüzün elə anları, elə günləri, elə illəri var ki, onları heç vaxt unuda bilmirik. Həyatımızın həmin dövrünü tez-tez gözlərimiz önündə canlandırırıq və bu zaman sanki xatirələrimiz gözlərini asta-asta açıb mürgülü yuxudan oyanır. Çöhrəmiz işığa, nura boyanır.
Bu, unudulmayan, yaddan çıxmayan, həmişə yaddaşımızda diri qalan, tez-tez gözlərimiz önündə canlanan ömrümüzün uşaqlıq illəridir. Dəcəlliklə, şənliklə, enerji ilə, səs-küylə dolub-daşan, sədləri, sərhədləri bir göz qırpımında aşan, gələcəklə qucaqlaşan, dünyaya sığmayan uşaqlıq illəri. Ömrümüzün ilk addımları, şüurlu həyatımızın başlanğıcı, bizi gələcəyə aparan gen cığırları, həyatımızın ötüb arxada qalan ən şirin, qayğısız çağları. Danışdıqca sonu görünməyən, söhbət açdıqca tamamlanmayan, gözümüzün qarşısından heç vaxt, heç yerə getməyən uşaqlıq illəri. O uşaqlıq illəri ki zamanımızı bir-birindən maraqlı oyunlarla keçirərdik. Bağ-bağatda yorulmadan qaçardıq, çəpərlərin, hasarların üstündən aşardıq. Yorulunca dağ-dərəni dolaşardıq, oynadıqca oynayardıq, amma doymazdıq, ayağımızı qatlayıb bir yerdə durmazdıq.
Üstündən uzun illər keçəndən sonra indi o günlərin, o anların həsrətini çəkirik, o çağlar üçün burnumuzun ucu göynəyir. Hərdən o illər üçün çox darıxanda özümüzdə güc tapıb zamanı geri qaytarıb o günlərə əl uzatmaq, sanki yenidən uşaq olmaq, təzədən o çağları yaşamaq istəyirik, təbiətdən möcüzə gözləyirik. Heç vaxt, heç zaman dəcəlliklə, şənliklə dolu olan o illəri, o günləri unuda bilmirik.
Heç o illəri, o günləri unutmaqmı, yaddan çıxarmaqmı olar? Çünki həmin illər əbədi olaraq yaddaşımıza həkk olunub, qəlbimizdə, ürəyimizdə dərin kök salıb. O səbəbdən həmin illəri xatırladıqca xatırlamaq, baxdıqca baxmaq istəyirik. Xatirələrin problemsiz, dərdsiz səhifələrindən gözümüzü çəkmək istəmirik. Bu anlar arzularımız o illərdən, o günlərdən su içir, ürəyimizdən o çağlara dönmək keçir. Amma təəssüflər olsun ki, bu mümkün deyil. Şair havayı yerə yazmayıb:
Ötən günlərimi qaytaraydılar,
Gələn günlərimi qurban verərdim.
Lakin nə edəsən ki, zaman o illəri, o günləri əlimizdən birdəfəlik alıb aparıb, sanki o çağları zorla ömrümüzdən qoparıb. Nə yaxşı ki həmin illər xatirələrimizdə yaşayır. Yoxsa neynərdik?
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"