EN

Şahbaz Xuduoğlundan məhkəməyə verilməsinə REAKSİYA – “Səhv bizim dizaynerdə olub”

Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Pəri Miniatür “Qanun” və “Xan” nəşriyyatlarını məhkəməyə verib.

Bu barədə o, sosial media hesabında yazıb. O bildirib ki, məhkəməyə müraciət etməsinin səbəbi onun rəsmlərindən icazəsiz istifadə edilməsidir: “Əl işlərimin xəbərsiz istifadə edildiyinə görə başlatdığımız məhkəmədə "Qanun" nəşriyyatı heç iştirak etmədi, "Xan" nəşriyyatının vəkili isə sonuncu dəfə gəlmədi. Və beləcə məhkəmə işi baxışa yollandı.

Mənə Azərbaycanda ədalət yoxdur, onsuz da məhkəmə işə baxmayacaq - deyənlər, yanımda olmayan rəssamlar və öz hüquqlarına laqeyd yanaşıb, ölkədə turist effekti ilə yaşayanların diqqətinə çatdırıram ki, nəticənin fərqindən asılı olmayaraq mən bu işi də, prosesi də başlatdım və nəticə açıqalanmadan da özümü qalib hesab edirəm. Siz isə qorxaq və laqeyd mühitinizdə bitlənin!”, - rəssam qeyd edib. Onun sözlərinə görə, hər iki nəşriyyata qarşı 10 min manat təzminat iddiası qaldırıb.

Ölkə.az xəbər verir ki, Musavat.com məsələ ilə bağlı "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu ilə danışıb.

- Şahbaz bəy məsələnin kökü ilə bağlı sizi də dinləmək istərdik. Nə baş verir?

- Biz Pəri xanımla bundan öncə bir müddət işləmişik. O işdən çıxmışdı və biz ona müraciət etdik və dedik ki, razılığı olarsa, əməkdaşlıq edə bilərik. Sonradan da onun bir rəsmi bizim nəşr olan Nadir Şah kitabının üz qabığında istifadə olundu. O da bununla bağlı məhkəməyə müraciət etdi. Mən onunla danışdım, dedim, gəl razılığa gələk, məhkəmə nəyə lazımdır. Mən indi də danışmağa hazıram. Açığı məhkəmənin perspektivinə inanmıram. Təəssüf ki, o, məhkəməyə getməyə üstünlük verdi. Bizim isə məhkəmədən xəbərimiz yox idi, çağırış vərəqəsi gəlməmişdi. Belə bir çağırış olarsa, bizim nümayəndəmiz mütləq orada iştirak edəcək.

sahbaz.jpg (196 KB)

-Siz Pəri xanımın rəsmindən istifadə edərkən, onun razılığını hansı səbəbdən almamışdınız ki?

-Səhv bizim dizaynerdə olub. O rəsmi internet üzərindən götürüb və müəllifin Pəri xanım olduğunu bilməyib. Mən Pəri xanıma da dedim ki, bilərəkdən olmayıb, dizaynerin yanlışıdır, bizdən qaynaqlanmır.

Mən Pəri xanımın sərgisində iştirak etmişəm, özü ilə münasibətlərimiz də normal olub. Əgər bilsəydik ki, əsər ona məxsusdur, biz əvvəlcədən razılıq alardıq. Hər şey bilinmədən baş verib, amma görünür, bunlar Pəri xanıma pis təsir edib.

1765539094_1.jpg (65 KB)

-Fikrinizcə, Pəri xanım niyə sizinlə danışmaqdansa, məhkəməyə üz tutmağa üstünlük verdi? Hətta 10 minlik təzminat iddiası qaldırıb...

-Bilmirəm. Belə bir iddia qaldırıbsa, görünür, onun nəyəsə əsasları var. Məhkəmə araşdırıb, qərar verəcək. Maraqlıdır, o, nəyə əsasən bu iddia ilə çıxış edir. Yəqin ki, hansısa əsası var. Biz bu əsası dinləməli, sonradan isə cavab verməliyik. 10 mini Azərbaycan nəşriyyatlarının buraxdığı kitab sayına , yoxsa öz nəşrinə özünün verdiyi dəyərə görə qoyub? Bilinmir. Onun məhkəmə iddiası ilə tanış olandan sonra məlum olacaq.

-Məhkəmə məsələsindən sonra siz Pəri xanıma zəng edib onu yenidən danışığa dəvət etdinizmi?

-Bizim onunla facebook-da yazışmamız oldu. Sonra ona zəng etdim. Səhv etmirəmsə. Bir dəfə danışdıq, sonra isə telefonu açmadı. Detalları ilə yadımda deyil. Ümumi tanışlarımız da var, onların vasitəsi ilə xəbər göndərdim ki, qaçmaq lazım deyil, gəlsin, oturaq və söhbət edək. Məhkəmə bizim münasibətlərin yaxşılaşması ilə bağlı qərar çıxarmayacaq ki. Biz onunla əməkdaşlıq edə bilərik də. Bu əməkdaşlığı quran yolu seçmək lazımdır. Düşmənçilik nəyə lazımdır ki?

Chosen
18
olke.az

1Sources