EN

“Ulu Öndər Heydər Əliyev – Xalqa həsr edilmiş ömür” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində 11 dekabr 2025-ci il tarixində “Ulu Öndər Heydər Əliyev – Xalqa həsr edilmiş ömür” adlı tədbir keçirib.

Tədbir iştirakçıları əvvəlcə Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzdülər. Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, onun Azərbaycan dövlətçiliyinin xilası və inkişafında oynadığı əvəzsiz roldan bəhs edib. Sədr Həbib Misirov qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev xalqımızın yaddaşında qurtuluş missiyasının müəllifi və müasir Azərbaycan dövlətinin qurucusu kimi əbədi yer alıb. Həbib Misirov vurğulayıb ki, Ulu Öndərin siyasi kursu bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıllıqla və böyük uğurla davam etdirilir. Məhz bu uzaqgörən siyasət nəticəsində Azərbaycan sürətli inkişaf yolu keçib, beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirib, işğal altındakı torpaqlarını azad edərək tarixi ədaləti bərpa edib.

Rayon həmkarlar komitəsinin sədri Əli Bağırov, Kəlbəcər Gənclər və İdman Sektorunun müdiri Musa Məmmədov, Kəlbəcər Rayon Statistika İdarəsinin rəis müavini Niyaməddin Cəfərov, 99 nömrəli Kəlbəcər rayon tam orta məktəbinin direktoru İsmət Nəcəfov, Vətən müharibəsi qəhrəmanı Anar Əliyev adına orta məktəbin müəllimi Ərəsdun Kamalov, 109 nömrəli Kəlbəcər rayon tam orta məktəbinin müəllimi Çinarə Eyvazova və digər çıxışçılar Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmləndirilməsi yolunda həyata keçirdiyi tarixi missiya, müstəqil dövlət quruculuğundakı müstəsna xidmətləri geniş şəkildə diqqətə çatdırıblar. Bildiriblər ki, xalqımız Ulu Öndərin ideyalarından güc alaraq Qurtuluşdan Zəfərə aparan şərəfli yol keçib. 44 günlük Vətən müharibəsində qazanılan Böyük Qələbə isə Ulu Öndər Heydər Əliyev siyasətinin davamlılığının və Prezident İlham Əliyevin qətiyyətli liderliyinin məntiqi nəticəsidir.

Sonda tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək, onun siyasi irsinin gələcək nəsillər üçün daim yol göstərən dəyər mənbəyi olduğunu vurğulayıblar.

Chosen
21
1
yeniazerbaycan.com

2Sources