EN

70 ildir sevilən “Bəxtiyar” – Unudulmaz filmin sirrləri

Dünən Azərbaycan mədəniyyətində növbəti bir “inci”nin doğulduğu gün idi.  

“Ən xoşbəxt gün”, “Sevimli mahnı”, “Mahnı ilə eldən-elə” adları altında çəkilən film, son anda – 11 dekabr 1955- ci ildə “Bəxtiyar” adı ilə ilk göstərişə çıxan sənət əsərinin 70 yaşı tamam olub.

Film elə ilk nümayişdən bütün tamaşaçıların alqışına və əbədi sevgisinə layiq görüldü. İndiyə qədər “Bəxtiyar” filmini izləməyən qalmadığı üçün gözəl səsə malik neftçi Bəxtiyar Muradovun həyatından bəhs etdiyini onun uşaqlıq və gənclik dövrünün ekranlaşdırıldığını yazmağa ehtiyac yoxdur.

Amma onu demək yerinə düşər ki, Rəşid Behbudov (Bəxtiyar), Ağasadıq Gəraybəyli (Ağabala), Münəvvər Kələntərli (Gülzar), Məmmədrza Şeyxzamanov (professor Rəcəbov), Tamara Çernova (Saşa) Lütfi Məmmədbəyov, Müxlis Canızadə (Bəxtiyarın dostları), Faiq Mustafayev (Yusif) , Süleyman Ələsgərov (aktyor) – Klub müdürü, Yusif Vəliyev- Komissiya üzvü, Sofya Bəsirzadə – Komissiya üzvü, Mərziyyə Davudova – Bəxtiyarın anası Gülbadam, Vladimir Otradinski – Konsert təşkilatçısı, Karl Reşanski – Rəqqas Anton Raspopov, Sona Hacıyeva( Zəhra )- ümumilikdə aktyor qrupu o qədər professonal qaydada seçilib ki, hətta oradakı epizodik rollar belə tamaşaçıya zövq verir, sevilir, unudulmur.

Təsəvvür edin ki, film o qədər uğurlu alınıb ki, filmdə yalnız bir səhnədən yer alan “neftçi rəqqaslar” bu gün də təbəssümlə xatırlanır.

“Bu gözəl kollektivi bir yerə kim topladı?” deyə soruşsanız, əlbəttəki təkrarsız və böyük rejissor Lətif Səfərov! Məşhur rejissor elə yüksək səviyyədə olan çəkiliş komandasını da bir yerə yığmağa müyəssər olmuşdu: Filmin operatoru Arif Nərimanbəyov, rəssamları Cəbrayıl Əzimov və Elbəy Rzaquliyev, rejissor assistenti Məmməd Əlili olan filmdə keçən hər bir cümlə, hər bir hərəkət gülüş doğurur, yaddaşlarda qalır, çox vaxt isə “zərbi-məsəl”ə dönür.

Gəlin bu filmin 70 illiyi münasibəti ilə o frazaları bir də xatırlayaq:

– Rza bir dənə oxuyan tapa bilərsən? – itirmişəm tapım?

– “Mən tək kontrabasda?..”

-Boyy, başıma xeyir, deyəsən Yusif partladı.

– Öz fəaliyyətiniz elə bunda ibarətdir? – Xeyr, Hüseynova bacıları bu saat öz məharətlərini göstərəcəklər..

– Balam eeeeyyyy…

– Axırıncı qazdığınız quyunun dərinliyi nə qədər olub?: 10metr

Nə?-5 metr

– Sənin başına soox dəyib? Heç artistə də qabaqcadan pul verərlər?

– “Bəlkə bir balaca antrakt elan edək?- Antrakta ehtiyac yoxdur.

– Yusif bibini sevir, bibi də Yusifi sevir…

– Dedim qohum-əqrabadır, bəd ayaqda dadıma çatarlar”

– Kimi işdən çıxarırlar?..səni! Məni? Bəs səni?….

Xatırladaq ki, filmin baş qəhrəmanı Bəxtiyarın – unudulmaz sənətkar Rəşid Behbudovun qızı Rəşidə xanım hələ 5 noyabrda belə bir paylaşım etmişdi: “Bu il “Bəxtiyar” filminin ekranlara çıxmasının 70 illiyi tamam olur…

Yəqin ki, başa çatmaqda olan ilin sonuna qədər kino məmurlarının yadına düşər ki, belə bir sevimli filmimiz var və 70 yaşı tamam olur…

Şəkildə soldan sağa: ssenari müəllifi Nikolay Rojkov, baş rolun ifaçısı Rəşid Behbudov, quruluşçu rejossor Lətif Səfərov, filmin bəstəkarı Tofiq Quliyev.

İndi isə bütün Azərbaycan xalqı və tamaşaçıları adından Rəşidə xanıma bildiririk ki, nə Rəşid Behbudovu, nə “Bəxtiyar”ı, nə də ümumilikdə “Bəxtiyar” filmində cəm olmuş obrazları, sənətkar və aktyorları unutduq!

 

Əntiqə Rəşid

Chosen
80
nocomment.az

1Sources