EN

Bakı yenə yağış sınağından KEÇMƏDİ – Problem nədədir? 

Yağışın yağması ilə Bakının əksər yerlərini, xüsusən də Bakıətrafı kənd və qəsəbələri su basması artıq təsadüfi hadisə deyil, uzun illərdir formalaşmış sistemli problemlərin nəticəsidir.

Hər il eyni mənzərənin təkrarlanması—evlərin su altında qalması, yolların keçilməz olması, kanalizasiya xətlərinin sıradan çıxması—şəhərin təbii şəraitinin deyil, idarəetmə və planlaşdırma çatışmazlıqlarının göstəricisidir.

Problemin kökü həm müasir infrastrukturun çatışmazlığına, həm də tarixi şəkildə formalaşmış tikinti təcrübəsinə dayanır. Bakı son onilliklər ərzində sürətlə genişlənib, lakin bu genişlənmə yağış sularına nəzarət mexanizmlərinin analoji sürətlə yenilənməsi ilə müşahidə olunmayıb.

Şəhərin mühəndis-kommunikasiya sistemləri yağış sularını ayrıca istiqamətləndirməyə uyğunlaşdırılmamış şəkildə formalaşıb. Bir çox ərazidə yağış və məişət suları eyni xətlərlə daşınır və xətlər qısa müddətdə yüklənərək suyu geri vurur. Bakı torpaqlarının böyük hissəsinin suyu zəif hopduran gilli struktura malik olması bu problemin təsirini daha da artırır. Suyun torpağa çəkilməsini təmin edəcək yaşıllıqların azlığı, tikililərin sıxlığı və hökm edən beton səthlər yağış suyunun təbii şəkildə çəkilməsinə mane olur və axın qısa müddətdə küçələrə dolur.

Bakıətrafı qəsəbələrdə vəziyyət daha kəskindir, çünki bu ərazilərin çoxu planlı şəkildə salınmayıb.

Sonradan genişlənən yaşayış massivləri üçün drenaj şəbəkələri vaxtında qurulmayıb və indi mövcud xətlərin yerləşməsi tikili sıxlığı səbəbilə çətinləşir. Bu səbəbdən yağış suları ən kiçik yağışda belə təbii axın istiqamətləri üzrə evlərə, həyətlərə dolur.

Layihələndirilməmiş yolların səviyyə fərqləri də bu axını sürətləndirərək sel ocaqlarını yaradır.

Şəhərsalma üzrə mütəxəssis, memar Rəşad Qəniyev NOCOMMENT.az-a bildirib ki, Bakı uzun müddət təbii relyefinə zidd şəkildə inkişaf etdirilib.

“Yağış sularının təbii axın yolları tikililərlə kəsilib, vadilər doldurulub, suyun hərəkət edəcəyi məkanlar məhdudlaşdırılıb. Bu zaman drenaj sistemləri yenidən və daha böyük həcmdə hesablanmalı idi, amma bu edilmədi. Nəticədə şəhərin suya qarşı müqaviməti zəiflədi. Hər bir yeni yol, yeni bina və yeni yaşayış kompleksi yağış sularını idarə edən sistemlə birgə layihələndirilməli idi, lakin illərlə bu prinsip gözlənilməyib”.

Memarın sözlərinə görə, iqlim dəyişikliyinin də təsiri var:

“Son illərdə yağışlar daha intensiv, daha qısa zaman aralığında düşür və bu, köhnəlmiş sistemlərin öhdəsindən gələ bilməyəcəyi yüklər yaradır. Əvvəllər bir neçə saat ərzində yağan yağış indi 15–20 dəqiqəyə tökülür və bu, axın sürətini dəfələrlə artırır. Bu reallığa uyğunlaşmaq üçün infrastruktur yalnız lokal təmir yox, köklü yenidənqurma tələb edir”.

Qəniyev qeyd edib ki, Bakı yeni bir mərhələyə qədəm qoymalıdır:

“Yağış suyunu problem kimi deyil, resurs kimi qəbul edən sistem qurulmalıdır.

Yağış sularının toplanması üçün yeraltı hovuzlar, suyu əritməyə imkan verən xüsusi səth materialları, yaşıllaşdırılmış su kanalları və yeni drenaj kollektorlari şəhərin mütləq ehtiyacı kimi göstərilir. Bakı artıq yalnız borularla problemi həll edə bilməz. Şəhər suyu qəbul edən, yönləndirən və yenidən təbiətə qaytaran canlı sistemə çevrilməlidir”.

Tunar

Chosen
21
nocomment.az

1Sources