EN

Aşqarlar Kimyası İnstitutunda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Dekabrın 12-də Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Yeni Azərbaycan Partiyası Ərazi Təşkilatı, Gənc Alim və Mütəxəssislər Şurası və Həmkarlar Təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Tədbir Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Bu barədə TƏHSİL.BİZ-ə Aşqarlar Kimyası İnstitutundan bildirilib.

Tədbirdə çıxış edən institutun elmi katibi kimya üzrə fəlsəfə doktoru, dosent Mehparə Səfərova qeyd edib ki, dahi Lider Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi ən böyük tarixi şəxsiyyətdir. O, bütün həyatını xalqımızın, dövlətimizin inkişaf etməsinə həsr edib. Heydər Əliyev hər zaman Azərbaycan xalqına bağlı olub və onun şərəfli ömür yolu elə Azərbaycan tarixinin böyük bir hissəsidir. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olub.

Daha sonra İnstitut Həmkarlar Təşkilatının sədri, kimya üzrə fəlsəfə doktoru dosent Elxan İsakov təqdimatla çıxış edib. O bildirib ki, müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir: “Onun qəlbi həmişə Azərbaycanla döyünüb. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Azərbaycanın bu gününə nəzər salsaq, qeyd-şərtsiz deyə bilərik ki, Heydər Əliyev müstəqil Azərbaycanın gələcəyini 20-30 il öncədən görən lider olub: “Heydər Əliyev hərbi təhsil sisteminin yaradılmasına və möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verirdi. Məlumdur ki, hələ sovet dövründə Heydər Əliyev bu mühüm sahədə dəyərli işlər görmüşdü və milli hərbi kadrlar hazırlığı üçün qiymətli bir baza yaratmışdı. Məhz həmin baza Azərbaycanda milli ordu quruculuğunun əsas tədris ocaqlarından birinə çevrildi”.

Tədbir institut əməkdaşlarının çıxışları ilə yekunlaşıb.

Chosen
3
tehsil.biz

1Sources