EN

"Hədəfimiz emissiyaları 2035-ci ilə qədər 40 faiz azaltmaqdır"

Yazını böyüt
Yazını kiçilt

Keniyada keçirilən BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında (UNEA7) Azərbaycan Respublikasının Milli Bəyanatı təqdim edilib. Bəyanatı ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva səsləndirib.

Hafta.az xəbər verir ki, U.Tağıyeva çıxışında bildirib ki, iqlim dəyişikliyi, ətraf mühitin deqradasiyası və çirklənmənin təsirləri bütün regionlarda hiss olunur və Azərbaycan da istisna deyil:

“Ölkəyə daxil olan su ehtiyatlarında 30 faiz azalma müşahidə edirik, ekosistemlərimiz daha böyük təzyiqlərlə üzləşir və dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizi sürətlə kiçilir. Bu çağırışlar Azərbaycanın milli ekoloji və iqlim gündəmini formalaşdırmağa davam edir”.

Nazir müavini Azərbaycanın COP29-a ev sahibliyinin nəticələrinə də toxunub:

“Ötən il Prezident İlham Əliyevin rəhbərliyi altında COP29-a ev sahibliyi etmək şərəfinə nail olduq. COP29 qəbul olunmuş mandatların icrasını təmin etdi və qlobal iqlim ambisiyasını gücləndirdi. İqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi haqqında əldə olunmuş razılaşma inkişaf etməkdə olan ölkələrin öz milli iqlim planlarını həyata keçirməsinə imkan yaradan dönüş nöqtəsi oldu. Bütün bunlara görə Bakıda verilmiş öhdəliyin tərəddüdsüz və gecikmədən yerinə yetirilməsi olduqca vacibdir. COP29-da qəbul olunmuş digər qərarlar, o cümlədən Paris Sazişi üzrə karbon bazarlarını tənzimləyən qaydaların yekunlaşdırılması Sazişin siyasətini tam şəkildə aktivləşdirdi. Bu isə Paris Sazişinin ikinci onilliyində daha mənalı və real icraya keçid üçün möhkəm bir təməl yaratdı. Milli səviyyədə Azərbaycan iqlim fəaliyyəti və ekoloji siyasətdə nümunədir. Biz Paris Sazişi çərçivəsində öhdəliklərimizi təsdiqləyərək yenilənmiş “Milli Töhfələrə Dəyişikliklər 3.0” (NDC 3.0) təqdim etmişik. Yeni hədəfimiz emissiyaları 2035-ci ilə qədər 40 faiz azaltmaqdır. Bu, əvvəlki 2050-ci il hədəfimizi 15 il qabağa çəkməklə cəmi iki il ərzində ambisiyanın əhəmiyyətli dərəcədə artırıldığını göstərir. Həmin qərar 2023-cü ilin yekununda təqdim etdiyimiz yenilənmiş NDC 2.0-dən sonra atılmış növbəti mühüm addımdır. Eyni zamanda, Kiqali Dəyişiklik Protokoluna və Rotterdam Konvensiyasına qoşulmaqla ekoloji öhdəliklərimizi daha da gücləndirmişik. Bu addımlar Azərbaycanın təhlükəli maddələrlə mübarizə, hava keyfiyyəti və iqlim dəyişmələrinin azaldılması sahəsində qlobal səylərə uyğunlaşmaq əzmini nümayiş etdirir. Ekosistemlərin bərpası, biomüxtəlifliyin mühafizəsi, iqlimədavamlı icmaların qurulması və dayanıqlı ekosistemlərin inkişaf etdirilməsi istiqamətində ölkə üzrə işlər davam edir. Həmin kontekstdə “yaşıl inkişaf” 2027–2030-cu illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyasının əsas prioritetlərindən biri olaraq qalır”.

Nazir müavini gələn il Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə Dünya Şəhərsalma Forumuna (WUF13), BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə isə Dünya Ətraf Mühit Gününə (WED2026) ev sahibliyi edəcəyini bildirib. O, bütün tərəfdaşları həmin tədbirlərdə iştirak etmək üçün Bakıya dəvət edib.

Chosen
32
5
hafta.az

6Sources