EN

Heydər Əliyevin siyasi irsi və milli inkişaf modeli

Azərbaycan xalqı hər il 12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günündə təkcə böyük dövlət xadimini deyil, həm də müasir Azərbaycanın ideya müəllifini dərin ehtiramla yad edir. Bu təbiidir. Çünki Heydər Əliyev elə bir tarixi fenomendir ki, onun fəaliyyəti təkcə müəyyən dövrün çərçivəsi ilə məhdudlaşmır. O, milli dövlətçiliyin bərpası, ölkənin siyasi sabitliyinin təmin olunması, iqtisadi islahatların həyata keçirilməsi, Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu mövqeyinin formalaşması kimi geniş və çoxşaxəli sahələrdə misilsiz xidmətləri ilə tarixə həkk olunmuşdur. 

Heydər Əliyevin siyasi irsi yalnız idarəçilik təcrübəsi deyil, həm də milli inkişaf modelidir. Bu modelin əsasları — güclü dövlətçilik, milli maraqlara sadiqlik, uzunmüddətli strateji baxış və insan amilinə xüsusi önəm — bu gün Azərbaycanı regionun lider dövlətinə çevirən dəyərlərin təməlində dayanır. Öz xalqına sonsuz sevgi ilə xidmət edən bu böyük şəxsiyyət hər zaman insan rifahını dövlət siyasətinin prioriteti seçmişdir. O, dəfələrlə vurğulayırdı ki, “xalqın sağlamlığı dövlətin ən ali sərvətidir.” 

Məhz bu prinsip Heydər Əliyevin səhiyyə siyasətinin ana xəttini təşkil edirdi.  Heydər Əliyev Azərbaycan səhiyyə sisteminin strukturlaşması və müasir tələblərə uyğun şəkildə formalaşdırılması sahəsində tarixi missiya yerinə yetirmişdir. Ulu Öndərin səhiyyə sahəsinə yanaşması epizodik qərarlarla deyil, sistemli düşüncə ilə seçilirdi. O, səhiyyəni yalnız tibbi xidmət kimi deyil, dövlət təhlükəsizliyinin, iqtisadi inkişafın və sosial siyasətin ən vacib elementi kimi dəyərləndirirdi. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövr səhiyyə infrastrukturunun yenilənməsi, keyfiyyətli tibbi xidmət təminatı  ilə yadda qaldı. 

Tibb müəssisələrinin təmir olunması, yeni xəstəxanaların açılması, respublika səviyyəli ixtisaslaşmış mərkəzlərin yaradılması, kadr hazırlığının gücləndirilməsi kimi addımlar məhz bu dövrdə atıldı. O, regionların tibbi təminatının bərabərləşdirilməsinə xüsusi diqqət yetirirdi; kəndlərdə tibb məntəqələrinin şəbəkəsi genişləndirildi, qısa desək, profilaktik tibbin inkişafı dövlət siyasətinə çevrildi. Bu dövrün ən önəmli cəhəti Heydər Əliyevin səhiyyəyə ideoloji yanaşması idi — həkim əməyi yüksək dəyərin daşıyıcısı kimi təqdim olunurdu və tibb işçilərinə dövlət səviyyəsində xüsusi  diqqət və qayğı  göstərilirdi.

Xatırlatmaq yerinə düşər ki, müstəqilliyin ilk illərində səhiyyə sistemi dərin tənəzzül yaşayırdı: dərman təminatı zəif, maddi-texniki baza köhnə, kadr axını yüksək idi. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu sahədə əsaslı dönüş baş verdi. Ulu Öndərin rəhbərliyi altında səhiyyə ilə bağlı  qanunvericilik bazası yenidən quruldu, “Əhalinin sağlamlığının qorunması haqqında”  qanun qəbul edildi.  Bu sahənin təxirəsalınmaz inkişafı üçün müəyyən edilən standartlara uyğun layihələr gerçəkləşdirildi.  Respublika üzrə xəstəxanalar və poliklinikalarda ardıcıl bərpa işləri həyata keçirildi, yeniləndi, 

İxtisaslaşmış tibb mərkəzlərinin açılması üçün dövlət proqramları hazırlandı.  Tibb Universitetində struktur islahatları aparıldı, yeni tədris və tədqiqat imkanları yaradıldı. Maddi-texniki baza gücləndirildi, müasir avadanlıqlar gətirildi. Tibb işçilərinin sosial müdafiəsini yaxşılaşdıran tədbirlər həyata keçirildi. Bu islahatlar nəticəsində Azərbaycan səhiyyəsi tədricən dağınıq vəziyyətdən çıxaraq vahid idarəetmə sisteminə transfer etdi və müasir tibb xidmətlərinin inkişafı üçün möhkəm platforma formalaşdı. Danılmaz həqiqətdir  ki, Ulu Öndərin səhiyyədə başladığı strateji xətt bu gün ölkə başçısı Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə, uğurla davam etdirilir. Onun gördüyü işlər — yeni nəsil xəstəxanalar, ixtisaslaşmış klinikalar, müasir diaqnostika mərkəzləri, icbari tibbi sığorta sistemi, elektron səhiyyə platforması — hamısı Heydər Əliyevin müəyyən etdiyi yol xəritəsinin məntiqi davamıdır.

Bu fakt bir daha göstərir ki, Heydər Əliyevin səhiyyəyə yanaşması qısamüddətli tədbirlər deyil, gələcəyə hesablanmış strateji siyasət idi. Heydər Əliyev səhiyyə işçilərini hər zaman yüksək qiymətləndirir, onların əməyini dövlətçilik üçün mühüm missiya hesab edirdi. O, həkim peşəsini “ən müqəddəs xidmət” adlandırırdı. 

Tibb işçiləri ilə görüşlərində dəfələrlə bildirirdi ki, hər bir həkim öz fəaliyyətində yalnız peşəkar kimi  deyil, həm də mənəvi məsuliyyət daşıyır. Bu dəyərləndirmə səhiyyə personalı üçün motivasiya, həm də dövlət tərəfindən verilən böyük etimad idi. Bu etimad günümüzdə davam edir və Azərbaycan səhiyyə sisteminin güclənməsində mühüm faktor rolunda çıxış edir. 

Bu gün Azərbaycan regionun ən stabil, inkişaf etmiş və sosial siyasəti güclü ölkələrindən biri kimi dəyərləndirilirsə, bu inkişafın təməlində Heydər Əliyevin 1969-cu ildən başlayaraq formalaşdırdığı Azərbaycan modeli dayanır. Bu model müasir səhiyyə infrastrukturundan tutmuş sosial müdafiə sisteminə, təhlükəsizlik siyasətindən beynəlxalq mövqeyimizə qədər bütün sahələrdə hiss olunur, ən müxtəlif layihələrdə özünü göstərir. 

Vətənə, dövlətə, xalqa göstərilən təmənnasız  xidmətin məntiqi nəticəsi budur:  Ulu Öndərin adı bu gün Azərbaycan dövlətçiliyi ilə eyni səviyyədə çəkilir. Onun müəyyən etdiyi strateji xətt Azərbaycanı bu günkü mövqeyinə çatdırıb, gələcək nəsillər üçün inkişaf yolunu müəyyənləşdirib. Heydər Əliyev və Azərbaycan — bu iki anlayış artıq bir-birindən ayrılmazdır. Azərbaycanın bu günü,  sosial siyasətdə əldə etdiyi nailiyyətlər birmənalı şəkildə Ulu Öndərin  yaratdığı möhkəm təmələ söykənir. Bu misilsiz  xidmətlər yaddaşlarda   silinməz, əbədi izlər buraxaraq gələcək nəsillər üçün örnək yaradıb. 

Ölməz şəxsiyyətin xatirəsi hər zaman hörmət və ehtiramla anılacaq, ideyaları  Azərbaycan dövlətçiliyinə hər zaman mayak olacaq, işıq salacaq.  Biz səhiyyə işçiləri  bu irsin müasiri, ideyaların gerçəkləşməsində isə iştirakçı, bir parça olmaqdan qürur duyuruq.


Afət Həsənova
Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktoru, dosent, YAP-ın üzvü

1Sources