EN

“Azərbaycan mədəniyyəti təkcə nazirliyin işindən ibarət deyil...”

“Dünən Mədəniyyət naziri Adil Kərimlinin sosial şəbəkələrdə başlıq kimi paylaşılan “Azərbaycan mədəniyyəti təkcə nazirliyin işindən ibarət deyil” cümləsi bir neçə dəfə qarşıma çıxdı. Cümlənin kontekstini yalnız “Azadlıq” xiyabanında giriftar olduğum tıxacda izləyə  bildim, özü də taksi sürücüsünün nostalji bir fısıltıyla dinlədiyi proletkult konyukturasının boş pafosa həsr etdiyi Rəşid Behbudovun möhtəşəm səsinin fonunda”. 

Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib. 

O, bildirib ki, nazir, əlbəttə, məsələnin ictimai məzmununa diqqət çəkmək üçün söyləyirdi o cümləni:

“Amma o cümlənin daha çox tarixi, fəlsəfi məzmununun şərhinə ehtiyac var. Mədəniyyət nəinki bir nazirliyə, hətta bir ölkəyə, bir regiona sığmayacaq qədər geniş anlayışdı. Onun yaranması üçün bəzən bir an, bəzən min illər lazım olur. Onu bəzən yalnız bir insan, bəzən də onlarla xalq bir yerdə yaradır. Məsələn, Ştefan Svayqa görə, yalnız bir adamın - Rotterdamlı Erazmın ömrü kifayət etdi ki, müasir Avropa mədəniyyəti yaransın.  Mənsubu olduğumuz irfan mədəniyyətinin yaranmasında isə qədim misirlilər, yunanlar, hindlilər səs-səsə verib min illərini xərcləmişdilər. Bunlar ağır söhbətlərdi. Keçək sözümüzün Mustafasına”. 

Yazıçı deyib ki, Azərbaycanda beş-altı adam xaric hamı elə bilir ki, Azərbaycan mədəniyyəti yalnız və yalnız Mədəniyyət nazirliyinin, yaxud Yazıçılar, Bəstəkarlar, Rəssamlar ittifaqlarının, AMEA-nın və s. qurumların işindən ibarətdir: 

“Haqsız da deyillər. Çünki yetmiş il Stalinizmin tərbiyəsində böyüyüb boya-başa çatmış cəmiyyət başqa cür düşünə də bilməz. Yaşlı nəslin xatirələrinə mənim kimi diqqətlə qulaq assanız görəcəksiniz ki, sovet dövründə insanlar bir-birinə yaxşılığı gizlində edirmişlər. Çünki bolşevik rejim insanlara ancaq pislik etmək azadlığı vermişdi, onların bir-birinə yaxşılıq etmək azadlığı yox idi. Mədəniyyət nazirliyinin kənarında mədəniyyət yaratmaq, Yazıçılar, Bəstəkarlar, Rəssamlar ittifaqlarının kənarında yazıçı, bəstəkar, rəssam olmaq, AMEA-dan kənarda elmlə uğraşmaq qadağan edilmişdi. Bu qadağanı pozan adamlar danoslarla ifşa olunub cəzalandırılır, onları ifşa edənlər isə fəxri adlar alırdılar. Və bu eybəcər davranış modeli yetmiş il ərzində nəsildən-nəslə ötürülüb ictimai normaya çevrildi. Çörək yeri oldu. Kollektiv həmrəyliyə sarsılmaz xidmət kimi dəyərləndirildi. Cəmiyyətdə bu kollektiv eybəcərliyə hələ də ictimai norma kimi tapınanlar milyonlarladır. Mənə ən çox verilən iki sual var: Birincisi, Yazıçılar Birliyinin üzvüsünüzmü, ikincisi, elmi dərəcəniz varmı? Halbuki qəsdən hər ikisindən vaxtında imtina etmişəm. Çünki Yazıçılar Birliyinin üzvü olan minlərlə yazıçı, şairin cümlə, misra yaza bilmədiyini, elmi dərəcəsi olan minlərlə alimin əlində pul öz adından elmi məqalə yazdırmaq üçün adam axtardığını görə-görə özümü aldatmaq istəməmişəm. Amma bunu görə-görə bu gün də özünü aldadan on minlərlə insan var ölkədə. Şüurlu varlıq olduğunu “knişka”yla, diplomla təsdiqləyən on minlər...”. 

A.Yeniseyin sözlərinə görə, onlar üçün Azərbaycan mədəniyyəti nazirliyin işindən ibarətdir:

“Azərbaycan ədəbiyyatı hələ də Yazıçılar Birliyində yaranır, AMEA hələ də elm məbədidir. Cəmiyyətin ictimai inancı hələ də bu fəlsəfəyə söykənir: İnzibati olmayan hər şey kollektiv ruha ziddir! Müstəqil düşüncə Şərdir! Və nazir bu düşüncənin pərvanəsi olan topluma deyir ki, Azərbaycan mədəniyyəti təkcə nazirliyin işindən ibarət deyil. Dərd orasında deyil ki, səhv başa düşəcəklər, dərd orasındadır ki, düz başa düşüb qarşı çıxacaqlar. Sözümü bu post-bolşevik toplumu ifadə edən ən son rastıma çıxan virtual bir dialoqla bitirirəm. Demək, Mədəniyyət nazirliyi 2026-cı ildən başlayaraq yazıçılara veriləcək Milli Kitab mükafatı elan edib. Nazirlik əməkdaşı müsahibəsində deyib ki, mükafat istedadlı yazıçılara veriləcək. Bir nəfər müsahibənin linkinə şərh yazıb: İstedadlıları bildik e, bəs yerdə qalanlar? O bir nəfər bilirsiniz kimdir? CƏMİYYƏT!”. 

Vasif ƏLİHÜSEYN

Chosen
12
adalet.az

1Sources